"Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Kipr "Omoniya"sı klubun vitse-prezidenti Dmitris Qriqorisə qarşı hücumu təşkil edən adamı tapmaqda köməklik göstərən şəxsə 100 min avro mükafat verəcək. Matc.az xəbər verir ki, bu barədə Nikosiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Klub sui-qəsdçi barədə hər hansı məlumata sahib olan şəxslərdən vəkilin elektron ünvanına məktub yazmağı xahiş edib. "Omoniya" məlumatların anonimliyinin qorunacağına təminat verib.
 
Hadisə ötən ayın sonlarında baş verib. Naməlum şəxs Qriqorisin evinin girişində benzinlə dolu qabı alışdırıb. Nəticədə güclü partlayış olub və evin hasarına ciddi ziyan dəyib. Klub rəsmisi və ailəsi isə xəsarət almayıb.
 
"Qarabağ" H qrupundakı ikinci oyununu Kiprdə "Omoniya"ya qarşı keçirib və 4:1 hesablı qələbə qazanıb. Komandalar arasında Bakıda keçiriləcək ikinci qarşılaşma noyabrın 25-də olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest