Azərbaycan çempionu "Neftçi" təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb. Klubun mətbuat xidmətindən verilən məlumata görə, "ağ-qaralar" qardaş ölkəyə itkilərlə yollanıb.
 
Belə ki, dizindən zədə alan qapıçı Aqil Məmmədov hazırlıqlara qatılmayacaq. Paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kolli və braziliyalı hücumçu Tiaqo Bezerra koronavirusa yoluxduğu üçün toplanışa bir müddət sonra qoşulacaq. Digər legioner Mamadu Kane isə Qvineya milli komandasının heyətində Afrika Millətlər Kubokunda mübarizə aparır. 
 
Buna qədər isə "Neftçi" Harramiz Suares, Romen Bask və Sabir Buqrinlə yollarını ayırıb. Fəhmin Muradbəyli isə "Keşlə" klubuna icarəyə verilib. Əvəzində bakılılar millimizin futbolçusu Azər Salahlı və Eddi İsrafilovu transfer edib.
 
Maraqlıdır, ölkə çempionunun transfer etdiyi futbolçular gedənlərin yerini doldura biləcəkmi?
 
"Neftçi"nin sabiq futbolçusu Bəxtiyar Musayev əməkdaşımızla söhbətində Buqrinin gedişini "ağ-qaralar" üçün itki adlandırıb: "Oyunlarından Harramizin komandaya heç bir faydası olmadığını gördük. Fəhmin "Neftçi"nin yetirməsidir, onun oynamaq şansı az idi deyə, "Keşlə"yə icarəyə verildi. Amma Buqrinin gedişi çox böyük itkidir. Mən bu işlərin içərisindəyəm, indi səviyyəli legionerləri Azərbaycana gətirmək çox çətindir. Fikrimcə, Buqrini saxlamaq üçün hər şey həll olunmalı idi. çox təəssüf ki, "Neftçi"də belə bir tendensiya yaranıb. Məsələn, Anton Krivotsyuk, Namik Ələskərov çox önəmli futbolçular olsalar da, hər ikisi ötən il komandadan getdi. İndi də Buqrin. Bunlar "Neftçi" kimi köklü klubun imicinə böyük zərbədir. Nəyin bahasına olursa-olsun, onlar heyətdə qalmalı idilər. Buqrin çox kreativ futbolçudur. Meydanda nəyi harada, nə vaxt edəcəyi bəlli deyildi və belə futbolçular çox təhlükəli olurlar.  Topla rəftarı, koordinasiyası yüksək səviyyədə idi. Samir Abasov "Neftçi"nin baş məşqçisi postuna gəlişindən sonra Buqrin potensialını daha çox açdı. "Neftçi" onu heyətində saxlamağa borclu idi, çünki belə bir futbolçu asanlıqla tapılmır".
 
Yeni transferlərə gəlincə, veteran futbolçu həm Salahlı, həm İsrafilovun "Neftçi" üçün vacib transfer olmadığını düşünür: "Azərə insani keyfiyyətlərinə görə böyük hörmətim var. Normal futbolçudur. Amma "Neftçi" kimi komandanın hər transferi bütün futbol camiəsinin də ürəyincə olmalıdır. Salahlının Azərbaycan çempionatına faydası dəyər, amma onunla avrokuboklarda nəyəsə ümid etmək yersizdir. çempionluğa oynayan, avrokuboklarda qrupa düşmək istəyən komanda daha səviyyəli futbolçu transfer etməlidi. Eddiyə gəlincə, onun haqqında danışmaq istəmirəm. Siyasəti idmana qarışdırmaq fikrindən uzağam, amma söhbət elə həssas məsələdən gedir ki... Onun transferinə təəssüf edirəm. Karyerasına nəzər salanda bəlli olur ki, uzun müddətdir meydana çıxmır. 29 yaşı var. Eddi "Neftçi"ni uğura apara biləcək futbolçu deyil. Onun transferini özümə təhqir sayıram".    
 
Qeyd edək ki, yanvarın 25-dək Türkiyədə hazırlıq keçəcək "Neftçi" Manavqatda "The Sense De Luxe" otelində məskunlaşacaq. Paytaxt təmsilçisi" yanvarın 14-də "Kişvarda" (Macarıstan), yanvarın 19-da "Visla" (Polşa), yanvarın 24-də isə "MOİK 1948" (Bolqarıstan) komandası ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest