Qazaxıstan "Turan"ıyla vidalaşaraq Azərbaycana qayıdan Vaqif Cavadov məşqçisi olduğu klubdan ayrılmasının səbəbini açıqlayıb. Matc.az xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü rusiyalı baş məşqçi Vladimir Qazzayevin istefasından sonra Türküstan təmsilçisində qalmağının doğru olmadığını deyib:
 
"Baş məşqçi gedəndən sonra mən orda necə qala bilərdim? Bəziləri elə düşünür ki, Qazzayev istefaya göndərilib. Ancaq normal halda məşqçini iki turdan sonra qovmurlar. O, öz istəyi ilə ayrılıb ölkəsinə qayıtdı. Qazzayevin ailə problemləri var idi. Mənim açıqlamağım doğru olmaz. Nə vaxtsa özündən soruşarsınız. 
 
Məşqçilər korpusu tam tərkibdə, Qazzayev və iki əsas köməkçisi, o cümlədən mən ayrıldıq. Komanda 4-cü köməkçiyə, yerli Kuanış Kabdulova tapşırıldı. On gün olar gəlmişəm. Aprelin 11-də atamın (mərhum Füzuli Cavadov - red.) ildönümünə gəlib özümü çatdırdım". 
 
Vaqif Cavadov "Turan"ın çempionata uğursuz başlamasına da toxunub: 
 
"Əslində yaxşı hazırlaşmışdıq. Antalyada bir aydan çox hazırlıq keçdik. Amma son anda heyətlə bağlı problem yarandı. Toplanışda bizimlə olan 4 yeni legionerin transferini yoluna qoya bilmədilər. Halbuki əsas oyunçu gözü ilə baxılırdı. Biri özü qalmaq istəmədi, o birinin viza problemi yarandı. Müqavilə də bağlamışdılar, amma viza problemlərini həll edə bilmədilər. Əvəzində çempionatın başlamasına az qalmış tələsik iki oyunçu aldılar. Təbii ki, bu nüanslar nəticəyə təsirsiz ötüşmədi. Qazzayevin problemi yaranmasaydı, "Turan" yaxşı nəticə verəcəkdi. Son oyunlar düzgün yolda olduğumuzu təsdiqləyir".   
 
33 yaşlı mütəxəssis gələcək planlarından da söz açıb: 
 
"Qazzayev hansısa klubda çalışsa, məni dəvət edəcək? İnşallah, güman edirəm. Təbii ki, irəli baxacağam. Müəyyən planlarım var. Yaxın perspektiv üçün A kateqoriyalı məşqçi lisenziyası almaq istəyirəm. Bu, mənim üçün çox vacibdir. Hələ kursun vaxtı açıqlanmayıb. Yaxın günlərdə AFFA-ya müraciət etməyi düşünürəm. Axıra qədər oxuyub diplom almaq istəyirəm. Sonrası Allah kərimdir. Təkliflər olsa, düşünərəm".  
fanat.az
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest