01 Oktyabr 2022, 21:02
MPL
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 8-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
"Maraqlı oyun oldu. Düşünürəm ki, azarkeşlər oyundan razı qaldılar. Mənim üçün nəticə ilə yanaşı, 90 dəqiqə oyunun içində olmaq vacib idi. Bunu gördüm. İlk hissədə anlaşılmazlıqlar oldu. Buna normal baxıram. Bir müddət idi, komanda bir yerdə məşq etmirdi. Getdikcə yaxşı oyunun şahidi olduq. Qollar, epizodlar oldu. İlk dəqiqələrdən açıq futbol getdi. Oyunu çox bəyəndim. çox yaxşı futbolçuları olan "Neftçi"yə qarşı oynayırdıq. Rəqibin hər bir oyunçusunun ustalıq səviyyəsi yüksəkdir. Stadionda atmosfer çox yaxşı idi. Belə azarkeş qarşısında oynamaq xoş oldu. "Neftçi"yə uğur arzulayıram. 3:1 qalib gəlsək də, çox səhvlərimiz oldu. Bunları aradan qaldırmalıyıq. Qarşıdakı matçlarda daha diqqətli olacağımıza inanıram".
Təcrübəli mütəxəssis ilk hissədə çoxlu qol epizodunun boşa verilməsini belə şərh edib: "Bəzən belə imkanlardan yararlanmamışıq və məğlub olmuşuq. Futbolda belə şeylər olur. Hər epizod qol olsa, maraq azalar. Rəqibi, oyunun stresini nəzərə almaq lazımdır. Futbolda bəzən 100 faizlik epizod qol olmur, amma bəzən də heç nədən qol vurursan. Bunların üzərində işləyirik. İmkan varsa, istifadə etməyə çalışmalıyıq. Futbolçuların ustalığını artırmağa çalışırıq".
Qurbanov uzun müddətdən sonra adı iştirak ərizəsinə daxil edilmiş Kevin Medina və Maksim Medvedevin Avropa Liqasında Yunanıstan "Olimpiakos"u ilə oyunlarda meydana çıxmaq ehtimalı barədə də danışıb: "Hər şey yaxşılığa doğru gedir. Start heyətdə olmaya bilərlər, amma ehtiyac yaranarsa, onlardan istifadə edə bilərik. Tam bərpa olunublar. Fiziki baxımdan bir qədər çatışmazlıq var. Onu da oynayaraq bərpa etməlidirlər".
"Qarabağ"ın çalışdırıcısı yenilənmiş "Neftçi" barədə də fikirlərini bölüşüb: "öz oyun üslubu var. Hər bir detalı açıqlamaq düzgün çıxmaz. Bəzi elementlərə qarşı hazırlaşmışdıq. Pis də alınmadı. ümumən, texniki futbol göstərməyi bacarırlar. Maraqlı futbolçuları var. Komplektləşmiş komandadır. özlərini meydanda çox rahat hiss edirlər. İstənilən oyunda 5-6 qol vurmaq qabiliyyətindədirlər. Diqqətsiz yanaşsaq, nəyisə nəzərdən qaçırsaq, bunu bacararlar. İlk hissədə imkanları daha çox oldu. Bu komandaya qarşı oynamaq mənim üçün çox xoş oldu. Biz çox istəyirik ki, minimum tempi qoruyub-saxlayaq. Qarşıdakı oyunlara da biganə yanaşa bilmərik. İlin sonuna kimi sıx qrafikimiz var. Vacib dönəmdir. İndi əldə etdiyimiz hər xal bizim üçün çox vacibdir. Komanda mövsümboyu eyni səviyyədə qala bilməz. Düşünmədiyimiz anda xal itirə bilərik. Bütün rəqiblərimiz çox ciddidir".
Qurbanov qarşıdakı "Olimpiakos"la oyundan gözləntilərini də açıqlayıb: "Azarkeşlərimiz həmişə bizə inanırlar. Onlar üçün fərqi yoxdur, hər rəqiblə oyunda qələbə gözləyirlər. Bəzən real baxmaq lazımdır. Onların qələbə istəyi bizi daha məsuliyyətli edir. Futbolçular bunu dərk edir. İstənilən rəqibə qarşı yaxşı oynayıb, nəticə qazanmaq istəyirik. "Olimpiakos"la oyuna hazırlaşmaq mənim üçün daha çətin olacaq, nəinki onlar üçün. Baş məşqçiləri dəyişib. Hansı gedişləri edəcəyini bilmirik. Sabahkı oyunlarına baxandan sonra futbolçularımıza bildirəcəyik. Şansımız varsa, istifadə etməyəç çalışacağıq. Marko Yankoviçin vəziyyəti məni narahat edir. Millidə bir qədər zədə almışdı. Bu gün ağrılar hiss edirdi. Əsas məsələ tam sağlam olmağımızdır".