01 Oktyabr 2022, 21:50
MPL
"Neftçi"nin yarımmüdafiəçisi Eddi İsrafilov Premyer Liqanın 8-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:3 hesabıyla məğlub olduqları oyundan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib
"Neftçi"nin yarımmüdafiəçisi Eddi İsrafilov Premyer Liqanın 8-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:3 hesabıyla məğlub olduqları oyundan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:
"İlk hissədə daha çox qol vura bilərdik. Amma bunu bacara bilmədik. Rəqib layiqli qələbə qazandı. Yaxşı matç oldu. Təəssüf ki, məğlub olduq. Rəqib oyuna yaxşı köklənmişdi. Sonadək mübarizə aparıb 3 qol vurdular və qələbə qazandılar. Rəqibi təbrik edirəm, yaxşı heyətə malikdirlər. Keyfiyyətli oyunçuları var.
Komandamızda heç bir yorğunluq yoxdur. Mən oyunun içindəyəm. Siz kənardan müşahidə edirsiniz. Mən fərqli görə bilərəm, bəlkə də siz fərqli görürsünüz.
Bu məğlubiyyət komandanı ruhdan salmayacaq. Hələ çempionatın başlanğıcıdır. Qarşıda bizi çox matç gözləyir. çempionat bir oyundan ibarət deyil. çalışıb hər oyunda qələbə qazanacağıq. çempionun kimliyi sonda məlum olacaq".
"Neftçi"nin kapitanı Emin Mahmudov isə məğlubiyyəti belə şərh edib:
"İlk hissədə daha yaxşı, aqressiv oynadıq. Rəqibi əks hücumlarda tutduq. Rəqib ikinci yarıda oynamağa imkan vermədi. Fasilədən sonra çoxsaylı top itkilərinə yol verdik. Nəticədə müdafiədə oturmağa məcbur olduq. Maraqlı görüş oldu. Rəqib şanslardan istifadə etdiyi üçün qalib gəldi".
O, "Qarabağ"ın ikinci hissədə "Neftçi"nin futbolçularını çox yaxşı zərərsizləşdirdiyini söyləyib: "Aqressiv oynamağa və bizi sıxmağa başladılar. Hücuma çıxmaqda çətinlik çəkirdik. Əks hücuma keçmək istəyəndə isə topu itirirdik".
Təcrübəli oyunçu bəzi epizodlarda futbolçular arasındakı gərginliyə də toxunub: "Futbolda aqressiyanın olması normaldır. Meydanda baş verənlər orada da qalır".
Mahmudovun sözlərinə görə, Laurentsiu Regekampfın gəlişindən sonra nəyin dəyişdiyini demək əvvəlki baş məşqçiyə haqsızlıq olar: "Bundan öncə də pis oynamırdıq, indi də. Regekampf da bizə kömək edir ki, daha yaxşı olaq".
Futbolçu bu məğlubiyyətin çempionluğun taleyini həll etməsi fikri ilə razılaşmayb: "Düzdür, rəqib bu qələbədən sonra turnir cədvəlində bizdən önə keçdi. Başımızı aşağı salmalı deyilik. Qarşıda çox oyun var. Növbəti turlarda qalib gəlməyə çalışmalıyq".