07 Oktyabr 2022, 20:00
MPL
"Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın 9-cu turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib.
"Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın 9-cu turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 0:1 hesabıyla məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
"Dünənki möhtəşəm qələbəyə görə başda Qurban Qurbanov olmaqla bütün "Qarabağ"ı təbrik edirəm. Bu matça gəlincə, ağır oyun olacağını bilirdik. "Zirə"də keyfiyyətli yerli və xarici futbolçular var. Rəqibi analiz etmişdik. Uşaqlara lazım olan tapşırıqları vermişdik. Təəəsüf ki, son dəqiqələrdə standart vəziyyətdən qol buraxdıq. Oyun baxımından pis keçmədi. Uşaqlar istədiklərimizin 70-80 faizini meydanda göstərdilər. Amma çox xallar itirmişik. Belə fikir formalaşıb ki, "Şamaxı" Premyer Liqanı tərk edəcək. Bizə böyük təzyiq var. Futbolçular evə məğlub kimi gedirlər. Onlara izah edirik ki, hər yenilgidən dərs çıxarmalıyıq. Bizdən irəlidə olan komandalarla 2-3 xallıq fərq var. Oyunlarımızı analiz edib, yaxşı hazırlaşaraq bu fərqi aradan qaldıra bilərik. Yerli futbolçular axtarıb, komandanı gücləndirib, "Şamaxı"nı Premyer Liqada saxlayacağıq. Əlbəttə, istərdik, legionerlər də olsun. Komandada təcrübə çatmır. Gəncdirlər və ilk dəfə Premyer Liqada oynayırlar. Onların üzərinə çox düşmək də olmaz. Qışda baxıb, bir qərara gələcəyik. Legioner olmasa, yerli təcrübəli oyunçular götürə bilərik. Bütün klublara baxırıq. Axtarışdayıq. İnşallah, yaxşı futbolçular tapacağıq".