07 Oktyabr 2022, 20:34
MPL
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 9-cu turu çərçivəsində "Şamaxı"ya qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
"çətin oyun oldu. Həftəboyu da futbolçulara deyirdim ki, rəqib son pillədə ola bilər, amma son turlarda göstərdiyi oyun və əzmkarlıq yaxşı idi. Bunu mütləq nəzərə almalıydıq. Futbolçularımızda da böyük diqqət, rəqibə böyük hörmət gördüm. İlk yarı bizim üçün ağır idi. Amma bir neçə qol vəziyyəti yaratdıq, istifadə edə bilmədik. İkinci yarıda oyun daha da sürətləndi. Standart vəziyyətdən fərqləndik. önəmli, vacib qələbə qazandıq. Futbolçularımı təbrik edirəm. Bu oyunu görmək istəyirdim. 90 dəqiqə stabil, dinamik oyun oynayan komanda gördüm. Oyunumuzdan razı qaldım. Əvvəlki matçlarda bəzi oyun kəsikləri məni qane etmirdi. "Turan Tovuz"la 60-cı dəqiqədən sonrakı oyunumuz məni qane etməmişdi. Amma bu gün sona qədər oynadılar".
Baş məşqçi Təmkin Xəlilzadə və İlkin Muradovun yenidən əsas komandaya qaytarılmasına belə münasibət bildirib: "Müəyyən problemlər olur ki, detallı şəkildə ictimaiyyətə açıqlamaq olmur. Əsas məsələ mən istədiyim qədərilə istəkli olmamaları deyildi. üzr istəməyi, kiminsə məndən üzr istəməyini xoşlamıram. Səhv olarsa, hamımız üzr istəməyə məcburuq. Burada vəziyyət fərqlidi. Onlar əvəzedici heyətdə istəkli məşq etdilər, "Qəbələ-2"yə qarşı həvəslə, istəkli şəkildə oynadılar deyə, geri qaytardım. Təmkinlə futbolçu kimi birlikdə oynamışıq. Yaxın və tanış futbolçulardı. Onları heç vaxt itirmək istəməzdim. Bu addımı atmağı lazım bildim. İndi də onları geri qaytarmağı özümə borc bildim. Bu fasilə onların gələcək karyerası üçün faydalı olacaq. Mövsümə onlarla başlamışdıq. Əslində, qərarım o idi ki, onlar başqa komandada çıxış etsin. Futbolçunu əvəzedici heyətə göndərməyi sevmirəm. Transferə çıxardıq, getdilər əvəzedici heyətdə həvəsli şəkildə çıxış etdilər. Təmkinlə İlkinin xidmətində maraqlı klublar var idi. Müəyyən danışıqlar oldu. İlkin dedi "heç yerə getməyəcəm". Əsas komandaya qayıdacağına inanırdı".
Sadıqov rəqib komanda barədə də fikirlərini bölüşüb: "Şamaxı" əzmkar komandadı. Bundan əvvəlki turda da "Sabah"a qarşı yaxşı mübarizə apardılar. Qol epizodları da var idi. Bu gün də qələbə qazanmaq imkanları var idi. Bu gün narahat idim ki, oyun çox ağır olacaq. "Şamaxı"da gənc məşqçilər toparlanıb. Cavid Hüseynova uğurlar arzulayıram, ciddi işlər görür. Təcrübəsi az olan futbolçularla çox yaxşı iş görürlər. Yeni eşalon məşqçilər var ki, onlardan biri də Cavid Hüseynov olacaq".
Sadıqov köməkçilərindən olan Vaqif Paşayev onunla birlikdə oturmamasına da aydınlıq gətirib: "Onu komandaya məsləhətçi, ağsaqqal kimi dəvət etmişdik. Amma müəyyən problemlər yaşayırdıq. Bu, kateqoriya ilə bağlı idi. Pandemiya dövrü idi, xəstələnirdik. Həmin vaxtda ondan xahiş etdim ki, komandanın içində olsun və mən olmayanda, əvəzləsin. Vəzifəsindədi. Məsləhət edirik, danışırıq onunla".
"Zirə"nin çalışdırıcısı Canni De Byazinin Azərbaycan yığmasının baş məşqçi postunda saxlanılmasına və Qara Qarayevə dəvət göndərməməsinə də münasibət bildirib: "Baş məşqçi olmasaydım, rahatlıqla şərh verərdim. İnid aktiv məşqçiyəm və fikir bildirməyim düzgün çıxmaz. Suallardan qaçan deyiləm, səmimi və dürst cavab verməyə çalışmışam. Belə qərar verilib. Maksimum çalışacağıq ki, De Byaziə dəstək olaq.
Qara Qarayevə gəlincə, o, "Nant"a qarşı möhtəşəm oynamışdı. Qələbədə əsas pay sahibi idi. Onu siyahıda görməyəndə, təəccübləndim. Əsas heyətdə olmaya bilər. Amma siyahıda olmaması mənə ağır gəldi. Son illərdə futbolumuzun qazandığı 4-5 oyunçu var ki, 11-12 il yüksək səviyyədə oynayıb, böyük nəticələr verir. Maksim Medvedev hələ milli komandaya kömək edə bilər. Zədələnib, oyunlardan kənar qalıb. Buna qədər yüksək performans göstərirdi. Millidə də yaxşı oyunlar göstərib. Onun hələ 2-3 il milliyə faydası ola bilər. Bütün oyunları 90 dəqiqə oynamaya da bilər. Bu gün futbolumuzda Ruslan Abışov, Qara və Maksim kimiləri çox deyil. Komandanın içində "canavar" kimi futbolçular olmalıdı. İstəyir millidə, istəyir meydanda kənarda".