"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Premyer Liqanın 9-cu turu çərçivəsində "Turan Tovuz"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, rumıniyalı mütəxəssis qolsuz bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Premyer Liqanın 9-cu turu çərçivəsində "Turan Tovuz"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, rumıniyalı mütəxəssis qolsuz bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Oyuna çox yaxşı başladıq. Təzyiq yaratmağa çalışdıq. Amma ən yaxşı epizodlardan yararlana bilmədik. Beləliklə, oyunumuzu çətinləşdirdik. Topu ayağımızda çox saxlayırdıq. Oyuna keyfiyyətimizi əlavə edə bilmirdik. Nəticədə matçı rəqib üçün rahatlaşdırdıq. Bizim üçün yaxşı oyun deyildi. çempionluq uğrunda sonadək mübarizə aparacağıq. Amma hazırda çox danışmalı deyilik. Bunu meydanda göstərmək lazımdır. Sakitləşib yenidən bərpa olunaraq, titul uğrunda mübarizəyə davam etməliyik".
 
Rumıniyalı baş məşqçi adının ölkəsinin "Styaua" klubu ilə hallanmasına da toxunub: "Bu, əslində normal haldır. Xəbəri yazanlar jurnalsitlərdir. Nə istəyirlər, onu da yazırlar. Amma məndə bu barədə məlumat yoxdur. Hazırda "Neftçi"dəki işimə köklənmişəm. Adım çox yerdə hallanır. Lakin "Neftçi" ilə müqaviləm var".
 
Regekampfın sözlərinə görə, oyuna hazırlıq dövründə 5-li müdafiəyə qarşı necə oynamalı olduqlarını məşq ediblər: "Komandanı rəqibə uyğun hazırlamağa çalışırdıq. Düşünürəm ki, erkən qol oyunu dəyişə bilərdi. İlk dəqiqələrdən aqressiv oynamağa çalışdıq. Qol axtarışda idik. Bunu edə bilmədiyimiz üçün rəqibə daha çox motivasiya verdik. Matçın sonunda rəqibin 100 faizlik şansı oldu".
 
Baş məşqçi deyib ki, müdafiə olunmaq hücumu qurmaqdan daha asandır: "Oyuna kimin daha yaxşı hazırlaşdığını indi müzakirə edə bilmərik. Orta xətdə sıxlıq yaratmağa çalışdıq. Hücumçumuz ucaboy deyil, bunu nəzərə almışdıq. Oyun üslubumuz belədir ki, sürətli hərəkət edib hücumlar quraq".
 
Regekampf heyət barədə hər gün rəhbərliklə danışdığını söyləyib: "Hazırda güclü komanda yaratmaq üçün proses gedir. Bilirik ki, bunu bir günə edə bilmərik. Futbolçulara baxırıq. Bizə yerli oyunçular da lazımdır. Eddi İsrafilov 3-4 həftədən sonra komandaya qoşulacaq. Azər Salahlının durumu bəlli deyil. Bu oyunçuları əvəzləmək asan deyil. Gördüyünüz kimi, bu gün İsmayı İbrahimlini sol cinahda oynatdım. Azər Əliyevin də ağrıları var idi. Bu halla hər bir komanda üzləşə bilər. Şikayətlənmək istəmirəm. Əlimdəkilərlə kifayətlənməyə çalışıram. Amma bilirik ki, güclü komanda qurmalıyıq".
 
O, Qodsvey Donyonun çıxışına da toxunub: "Hücumçu qol vurmalıdır. Əminliklə deyə bilərəm ki, Donyo da öz oyunundan razı deyil. Kifayət qədər keyfiyyətli futbolçudur. ümid edirik ki, yenidən qolları sıralayacaq. Ona inanırıq".
 
Baş məşqçi Solomon Kvirkveliyanın meydanı narazı halda tərk etməsinə də münasibət bildirib: "Son 10 dəqiqədə müdafiəçini hücumçu ilə əvəzləməliydik. Bu cür dəyişiklik normaldır. Kvirkveliyanın narazı qalması üçün əsas yoxdur. Oynamaq üçün öz üzərində çalışmalıdır".
 
Regekampf Emin Mahmudova istirahət verməyin mümkünsüz olduğunu vurğulayıb: "Millinin və "Neftçi"nin kapitanıdır. Peşəkar futbolçudur. Bu yarışı mən təşkil etmirəm. Bu, bizim işimizdir, hər gün görməliyik. çünki futbola görə maaş alırıq. Ola bilsin, yorğundur. üst-üstə oyunlar keçirir. İstirahət üçün vaxtı olmur. Emin kimi futbolçudan "Neftçi"də çox deyil. O da fəxr etməlidir ki, hər gün oynayır. Mahmudov hər oyunda meydanda ən çox qaçan futbolçudur. Düzdür, Emin robot deyil, yorula bilər".
 
Mütəxəssis Yeqor Boqomolskinin rəqabətə tam hazır olduğunu qeyd edib: "Hər şey özündən asılıdır. Şans veriləndə qol vurmağa, fərqli nəsə etməyə çalışmalıdır. Onun üçün rəqabət aparmaq elə də asan deyil. Qarşıda kifayət qədər vaxt var. Yenə də baxacağıq. Gənc oyunçudur, inkişaf etməlidir. çox məqamlar var ki, onları öyrənməlidir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest