09 Oktyabr 2022, 19:34
MPL
"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 9-cu turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib.
"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 9-cu turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
"Qarabağ"ın gücü hamıya bəllidir. Komandam meydanda mübarizliyi ilə 90 dəqiqə oyundan qopmadı. Xal qazanmasaq da, dinamika baxımından komandadan razı qaldıq. "Qarabağ"a qarşı 10 nəfərlə oynayırsansa və hesab açılmayıbsa, heç bir komanda irəli atılmaz. Son dəqiqələrdə bütün gücümüzü ortaya qoyduq".
O, İlkin Qırtımovun birbaşa qırmızı vərəqə aldığı epizoda da toxunub. Baş məşqçi bunun məsuliyyətsizliklə bağlı olmadığını söyləyib: "Hər epizodu belə dəyərləndirmək olmaz. Rövlan Muradov da "qırmızı" alandan sonra hamı yazırdi ki, komandada nəsə baş verir. Bu gün də top uğrunda mübarizədə belə hal yaşandı. İnanmıram ki, İlkin bilərəkdən o hərəkəti etdi. Nizam-intizamı yerində olan futbolçudur".
Baxşıyev "Qəbələ"nin bu mövsüm heç bir oyunda heç-heçə etməməsindən də söz açıb: "Səbail"lə matç heç-heçəyə gedirdi, son dəqiqələrdə qol vurduq. Komandanı daha çox hücumda görmək istəyirəm. Bəzən daha yaxşı alınır. Olmayanda isə uduzuruq".
Mütəxəssis ilk dövrəni 15 xalla 5-ci yerdə başa vurmalarını belə izah edib: "çıxışımızı xalla dəyərləndirməzdim. Oyundan oyuna komanda daha yaxşı çıxış edir. Getdikcə daha məzmunlu oynayacağımıza inanıram".
O, oyun vaxtı hakimlərə hansısa epizoda görə etiraz etməsinin normal olduğunu vurğulayıb: "Matçın içində olan hallardır. Sərt etiraz etmədim. Sadəcə, fikrimi bildirdim. O da öz cavabını verdi. Hər şey qarşılıqlı anlaşma çərçivəsində oldu".
Baxşıyev hazırda avrokubokları fikirləşmədiklərini əlavə edib: "Daha çox oyun elementlərini yaxşılaşdırmaq istəyirik. Qarşıda 3 dövrə var. İddiamızdan əl çəkməyəcəyik".