Misli Premyer Liqasının 10-cu turunun ən maraqlı oyunlarından biri Tovuzda keçirildi. Matc.az saytı xəbər verir ki, "Turan Tovuz"la "Səbail" arasında baş tutan qarşılaşma həm sürəti, həm də bol qolluluğu ilə diqqət çəkdi.
 
"Turan Tovuz" – "Səbail" – 2:2
Qollar: Runi Eva, 9 (pen.); Okebuqvu Henri, 32 - Franko Mazurek, 12; Ağabala Ramazanov, 54
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Kamranbəy Rəhimov. VAR hakimləri: İnqilab Məmmədov, Müslüm Əliyev
15 oktyabr. Tovuz şəhər stadionu, 4000 tamaşaçı
"Turan Tovuz": 1. Tərlan Əhmədli, 4. Şəhriyar Əliyev (k) (33. Eltun Turabov, 62), 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 10. Xəyal Nəcəfov (11. Ayxan Quseynov, 82), 8. Şakir Seyidov (5. Ben Aziz Dao, 62), 6. Turan Vəlizadə, 55. Xulu Siyanda, 17. Natan Oduva, 19. Runi Eva (77. Cavid Tağıyev, 82), 23. Okebuqvu Henri (21. Abbas Ağazadə, 68)
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Mehman Hacıyev, 3. Tərlan Quliyev, 60. Səbayıl Bağırov, 22. Famil Camalov, 99. Veysəl Rzayev, 9. İmeda Aşortiya
Baş məşqçi: Ayxan Abbasov
"Səbail": 1. Emil Balayev, 10. Ağabala Ramazanov (k), 6. Cabir Əmirli, 3. Turan Manafov (23. Qustavo de Fransa, 46), 17. Rafael Məhərrəmli (7. Ruslan Hacıyev, 46), 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 11. Qoba Zakpa, 30. Franko Mazurek, 5. Petro Stasyuk, 4. Maksim çex (27. Emil Martinov, 46)
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 39. Tural Bayramlı, 22. Samir Abdullayev, 21. Kizito Luvaqa
Baş məşqçi: Mahmud Qurbanov
 
Hər iki komanda matça yüksək əhval-ruhiyyədə çıxmışdı. çünki ötən tur onlar üçün uğurlu alınmışdı. "Səbail" ardıcıl 3 məğlubiyyət tilsmini "Sumqayıt" üzərində qələbə ilə qırdısa, "Turan Tovuz" Bakıda "Neftçi" ilə qələbəyə bərabər heç-heçə etdi. Paytaxt klubu "Sumqayıt"a qalibiyyətin memarlarını Tovuzda da meydana buraxdı. Mahmud Qurbanov start "11-liy"ində cəmi bir dəyişikliyə əl atmışdı. Samir Abdullayevin əvəzinə bu dəfə Rafael Məhərrəmli meydanda idi. "Turan Tovuz"un heyətində isə iki əvəzləmə var idi. Səbayıl Bağırovla İmeda Aşortiya bu dəfə ehtiyatdan başlamalı oldular. Əvəzində "Neftçi" ilə matçın iştirak ərizəsində olmayan Şakir Seyidov və komandanın bombardiri Runi Eva meydandakı yerlərini aldı.
 
Hər iki komanda heyətdə xırda dəyişiklik etsə də, taktiki sxemə sadiq qalmışdı. "Səbail" 4-2-3-1, "Turan Tovuz" isə 5-2-2-1-lə mübarizə aparırdı.
 
Oyun gözləniləndən də sürətli tempdə başladı. Hər iki komanda ilk dəqiqələrdən açıq futbola üstünlük verdi ki, bu da tribunalara topalaşan azarkeşlərin ürəyincə idi. Qarşılıqlı hücumlar erkən qolların da xəbərçisi idi. çünki komandalar sadəcə qol vurmaq barədə düşünürdülər. Ancaq müdafiə planında uğurlu olduqlarını demək olmaz.
 
"Turan Tovuz" əsas ağırlığı sağ cinaha, "Səbail" isə mərkəzə qoymuşdu. Bakılıların orta sahədə sıxlıq yaratması rəqibin cinahlara daha çox meyil etməsindən qaynaqlanırdı. Tovuzluların sağ cinahdan ardıcıl cəhdləri tezliklə öz bəhrəsini verdi. İlk dəqiqələrdən oyun quruculuğunu məharətlə yerinə yetirən Xəyal Nəcəfovdan ara pası alan Natan Oduvanı qapısını tərk etməkdə gecikən Emil Balayev kobudluqla dayandırdı. Ev sahibləri penaltidən vurduğu qolun sevincini çox yaşaya bilmədi. Cəmi 3 dəqiqə sonra Franko Mazurek orta sahədəki boşluqdan məharətlə yararlanaraq, fərdi ustalığı sayəsində əla qol vurdu.
 
Erkən gələn qarşılıqlı qollar da komandaları sakitləşdirmədi. Xüsusən də, "Turan Tovuz" azarkeşlərinin də dəstəyi ilə hücumda daha inamlı görünürdü. Düzdü, sol cinahda Ehtiram Şahverdiyev həm müdafiə, həm də hücum planında olduqca fəal nəzərə çarpırdı. Ancaq komandanın sağdan həmlələri daha kəsərli alınırdı. çünki sağa meyilli oynayan Xəyal əla formada görünürdü. Bölgə təmsilçisinin irəlidəki pressinqi qonaqların müdafiə xəttindəki problemləri də ortaya çıxarırdı. Bu azmış kimi, Balayev də çərçivədə etibarlı çıxış etmirdi. Millimizin qolkiperi bir neçə epizodda çıxışda səhvə yol versə də, bunu ya özü, ya da komanda yoldaşları sığortalayırdı.
 
"Turan Tovuz"un hücumdakı fəallığı 32-ci dəqiqədə yenidən hesabda önə keçməsinə yol açdı. Adi epizodda topu uzaqlaşdırmaqda çətinlik çəkən "Səbail"in müdafiəçiləri ardıcıl səhvlərlə sonda Okebuqvu Henrini zərbə mövqeyinə çıxardılar. Nigeriyalı yarımmüdafiəçi də cərimə meydanı həndəvərindən qarşısıalınmaz zərbə ilə bu "hədiyyəni" maksimum şəkildə dəyərləndirdi. Bu qoldan sonra da bakılılar heç cür toparlana bilmirdilər. Yalnız hissənin sonlarında qonaq komanda standart vəziyyətlərlə rəqib qapısı qarşısında gərginlik yaşatmağı bacardı. Ancaq bu da hesabı bərabərləşdirmək üçün kifayət etmədi.
 
Komandasının ilk yarıdakı performansından narazı qalan Mahmud Qurbanov fasilədən dərhal sonra birdən-birə üç dəyişikliyə əl atdı. çalışdırıcı bununla müdafiə və yarımmüdafiə xəttində canlanma yaratmağa çalışdı. Xüsusən də, "Səbail"in birinci hissədə ən zəif nöqtəsi müdafiənin sol cinahı idi. Elə qolların buraxılmasında da bu, həlledici rol oynadı. Bunu nəzərə alan Mahmud Qurbanov fasilədən dərhal sonra həmin zonada olan Turan Manafov və buraxılan ikinci topda səhvə yol verən Maksim çexu əvəzlədi. Fasilədən sonra meydana çıxmayan digər oyunçu Rafael Məhərrəmli isə meydanda çox qaçsa da, faydalı iş əmsalı aşağı idi.
 
Bu əvəzləmələr "Səbail"in oyununa da müsbət təsirini göstərdi. İlk yarını zəif keçirən komanda ikinci hissəyə olduqca fəal başladı. Bakılılar həm oyuna nəzarəti ələ keçirdi, həm də rəqibə irəli çıxmaq imkanı vermədi. Qurbanovun yetirmələrinin bu üstünlüyü 54-cü dəqiqədə ikinci dəfə hesabı bərabərləşdirmələrinə gətirib çıxardı. Yenə "duran top" zamanı təhlükəli olan qonaqlarda Ağabala Ramazanov qapı qarşısında önünə düşən topu tora göndərdi. 
 
Matçın gedişatı "Səbail"in qələbə topunu da vuracağından xəbər verirdi. Bunu vaxtında görən Ayxan Abbasov dərhal ilk müdaxiləsini etdi. Kapitan Şəhriyar Əliyev və yarımmüdafiəçi Şakir Seyidov meydanı tərk etdi, onları Eltun Turabovla Ben Aziz Dao əvəzlədi. Bu, "Turan Tovuz"un oyun sisteminin də 4-4-2-yə dəyişməsinə səbəb oldu. Meydana sonradan daxil olanlar müvafiq olaraq müdafiənin sağ və sol cinahında yer aldılar. Oduva hücumun mərkəzində Eva ilə tandem təşkil eləməli, Xəyal isə geridən onları topla təmin etməli idi. Ehtiram da artıq sağdan hücumlara daha rahat qoşulmaq imkanına malik idi.
 
Ayxan Abbasov bu dəyişikliklərlə rəqibin üstün oyununu bir qədər yatırmağı bacardı. "Turan Tovuz" yenidən çox adamla hücuma çıxmağa başladı. Ancaq "Səbail" də artıq istər müdafiə, istərsə də hücum planında rəqibindən geri qalmırdı. Görüşün sonlarına yaxın meydan sahiblərinin çalışdırıcısı bu dəfə hücuma yeni nəfəs gətirmək qərarına gəldi. Cavid Tağıyev və gənc Ayxan Quseynov son dəqiqələrdə ön xətdə yer aldılar. Runi Evanın əvəzlənməsi ilə komanda yenidən 1 hücumçulu sistemə keçdi.
 
"Səbail" isə cinah asmalarının sayını artırmağa başladı. Xüsusən də, sağda Ruslan Hacıyev fəallığı ilə seçilirdi. Bu ötürmələr rəqibin müdafiə xəttinə gərgin anlar yaşatsa da, sonluğu gətirmək mümkün olmurdu. "Turan Tovuz"da isə artıq meydanda fərq yaradacaq oyunçu az idi. Sonradan mübarizəyə qoşulanlar daha çox döyüşkənliliyi ilə seçilənlər idi. Təsadüfi deyil ki, matça əlavə olunmuş dəqiqələrdə daha çox qol axtarışında olan tərəf "Səbail" idi.
 
Beləliklə, birinci hissəni "Turan Tovuz"un, ikinci yarını isə "Səbail"in aktivinə yazmaq olar. Bunun da məntiqi sonluğu olaraq komandalar hərəyə 1 xalla kifayətlənməli oldular.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest