Misli Premyer Liqasının 10-cu turunda "Neftçi" növbəti qələbəsini, "Kəpəz" isə məğlubiyyətini aldı. Matc.az saytı xəbər verir ki, əzəli rəqiblərin Gəncədəki dueli qonaq komandanın hər hissədə bir qol vurması ilə yadda qaldı.
 
"Kəpəz" – "Neftçi" – 0:2
Qollar: Emin Mahmudov, 17, Kenni Sayef, 82
Qırmızı vərəqə: Zamiq Əliyev, 62
Hakimlər: Tural Qurbanov, Eyyub İbrahimov, Rahil Ramazanov, Rövşən Rəcəbov. VAR hakimləri: Rəşad Əhmədov, Cəmil Quliyev
16 oktyabr. Gəncə şəhər stadionu, 3000 tamaşaçı
"Kəpəz": 68. Orxan Sadıqlı, 8. Tural Axundov (k), 80. Tural Rzayev, 74. Yusif Nəbiyev, 2. Zamiq Əliyev, 37. Ruslan Süleymanov (32. Elvin Yunuszadə, 66), 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya (70. Nicat Süleymanov, 84), 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 1. Müşviq Nadirov, 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 24. Mixeil Erqemlidze
Baş məşqçi: Tərlan Əhmədov
"Neftçi": 30. Aqil Məmmədov, 8. Emin Mahmudov (k), 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli (17. Rəhman Hacıyev, 46), 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 3. Mamadu Mbodj (26. ömər Buludov, 79), 5. Kenni Sayef, 23. Ataa Caber, 11. Qodsvey Donyo (77. Yeqor Boqomolski, 79), 24. Yusuf Laval (16. Gilyerme Pato, 85)
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 93. Rza Cəfərov, 20. Vüsal Əsgərov, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov, 51. David Orucov, 78. Elcan Əbilov
Baş məşqçi: Laurentsiu Regekampf
 
ötən turda "Sabah"a biabırçı məğlubiyyətdən (0:5) sonra "Kəpəz"də radikal dəyişikliklər qaçılmaz idi. Baş məşqçi Tərlan Əhmədov da 5 əvəzləməyə əl atmışdı. "Sabah"la qarşılaşmanın iştirakçılarından Peyman Keşavarzi iştirak ərizəsində yox idisə, kapitan Əli Səmədov, ümumiyyətlə, zəif çıxışına görə əvəzedici heyətə göndərilib. Nicat Süleymanov, Elçin Əlicanov və Mixeil Erqemlidze isə bu dəfə ehtiyatdan başlamalı oldu. Bu futbolçuların boşluğunu Tural Axundov, Tural Rzayev, Ruslan Süleymanov, Yeqor Xvalko və Giorgi Kantariya doldururdu.
 
9-cu turda digər debütant "Turan Tovuz"un müqavimətini qıra bilməyən "Neftçi"də (0:0) isə 3 dəyişiklik var idi. İvan Brkiç, ömər Buludov və Rəhman Hacıyev ehtiyatdan öz vaxtını gözləyirdi. Onları müvafiq olaraq Aqil Məmmədov, Mamadu Mbodj və Fərid Yusifli əvəzləmişdi.
 
"Neftçi"nin Gəncədəki start heyəti bir qədər gözlənilməz oldu. Baş məşqçi Laurentsiu Regekampf 3-4-3 sxemindən istifadə edirdi. Bu, bir növ məcburiyyətdən atılan addım idi. çünki Azər Salahlı, Azər Əliyev, Eddi İsrafilov kimi aparıcı oyunçular rumıniyalı mütəxəssisin sərəncamında deyildi. üçlü mərkəz müdafiəsinin cinahlarındakı simaları da sürpriz saymaq olar. ömər Buludova güvənməyən çalışdırıcı sağ cinahda İsmayıl Zülfüqarlıya etibar etmişdi. Solda isə Kenni Sayef həm müdafiəçi, həm də yarımmüdafiəçi funksiyasını icra etməli idi. Eddinin boşluğunu orta sahədə Fərid Yusifli doldururdu.
 
"Kəpəz" isə 4-5-1 sistemində meydana çıxmışdı. Ev sahiblərinin beşli müdafiədən yararlanacağı gözlənilsə də, baş məşqçi Tərlan Əhmədov güclü rəqibi önündə praqmatik, qorxaq futboldan imtina etmişdi. Heyətdəki yerinə qayıdan turallar sağ cinahı bölüşdürmüşdülər. Baş məşqçi əsasən orta sahə və hücum xəttində əcnəbilərə bel bağlamışdı.
 
İlk dəqiqələrdən "Neftçi"nin bu sistemə uyğunlaşmaqda çətinlik çəkdiyi hiss olunurdu. Xüsusən də, orta sahədə Eddinin yoxluğu görünürdü. Premyer Liqanın debütantı meydanın mərkəzində pressinq edərək, rəqibə rahat oyun qurmaq imkanı vermirdi. Xüsusən də, Abdullahi Şuaybu irəlidə çox hərəkətli idi. Bəstəboy nigeriyalı futbolçu rəqibin üç ucaboy, ancaq ləng müdafiəçisinə əməlli başağrısı olur, onların rahat top çevirmələrinə aman vermirdi. Buna baxmayaraq, dəqiqələr keçdikcə "Neftçi" futbolçuları nəzarəti tam ələ keçirməyə başladılar. Düzdü, hesab standart vəziyyətdən, özü də kuryoz qolla açıldı. Ancaq matçın gedişi bakılıların gec-tez fərqlənəcəyindən xəbər verirdi.
 
Bu qol bir anlıq "Kəpəz" oyunçularını motivasiyadan saldı. Komandada tələskənlik yaranmağa başladı, necə gəldi hücumlar quruldu. Bu da yarımmüdafiədə ciddi boşluqlara yol açdı. Qonaqlar tez-tez çox adamla sürətli hücumlara çıxa bilirdi. Di gəl ki, son ötürmələr keyfiyyətsiz alınırdı. Bu şəkildə oyunun tempi artsaydı, "ağ-qaralar"ın növbəti qollarını izləyə bilərdik. Ancaq "Neftçi" futbolçuları tempi "öldürərək", topa nəzarət etməklə özlərini yormamağa üstünlük verdilər. Meydan sahiblərində isə Şuaybunun irəlidəki fəallığı komanda yoldaşlarına da sirayət etməyə başladı. Nəticədə gəncəlilər hissənin sonlarında rəqib qapıçısına tez-tez həyəcan yaşatmağa başladı. Bakılıların müdafiə olunarkən sol cinahda buraxdığı səhvlər yerli komandanın hücum gücünü daha da artırırdı. Qat-qat aşağı büdcə və məhdud heyətinə baxmayaraq, "Kəpəz"in əsl xarakter nümayiş etdirməsini qeyd etmək lazımdı. Ancaq bu, hücumların daha kəsərli olması üçün kifayət etmirdi.
 
Fasilə ərəfəsində "Neftçi" intriqanı bitirə bilərdi. Bütünlüklə hücuma aludə olan gəncəliləri əks-hücumda yaxalayan qonaq komandada iki hücumçu bir qapıçı ilə təkbətək dueldə fərqlənə bilmədi. Az sonra isə Mbodj möcüzə edərək, yarım metrlik məsafədən boş qapıya düşə bilmədi.
 
İkinci hissə də ilk yarının son dəqiqələrindəki ssenari ilə başladı. Yenə hücuma atılan tərəf "Kəpəz", müdafiədə oturub hesabı qoruyan isə "Neftçi" idi. Bakılılarda sanki qələbəyə arxayınlıq var idi. Gəncə təmsilçisi matçı irəlidə keçirsə də, həvəskar səviyyədə hücumlarla "Neftçi"ni cəzalandırmaq mümkün görünmürdü. Ancaq yenə də aramsız cəhdlər gəncəli azarkeşləri ümidləndirirdi. Di gəl ki, gənc Zamiq Əliyevin 62-ci dəqiqədə hisslərini cilovlaya bilməməsi bütün planları pozdu. 21 yaşlı müdafiəçinin Sayefə kəllə atması meydandan qovulmasına səbəb oldu.
 
Maraqlıdır ki, "Kəpəz" azlıqda oynamasına baxmayaraq, yenə meydanda oynayan tərəf ev sahibləri idi. "Neftçi" isə heç özünə bənzəmirdi. Komanda yalnız müdafiə olunmaqla məşğul idi, hücuma çıxmağa heç cəhd də etmirdi. Şuaybu təkbaşına "ağ-qaralar"ın müdafiə xəttini bəzi anlarda pərən-pərən salırdı. Bu "Neftçi" önündə bir qədər keyfiyyətli komanda olsaydı, vəziyyət heç də bakılıların istədiyi məcrada olmazdı.
 
Komandasının oyununun alınmadığını görən Regekampf sona yaxın müdaxilə ilə durumu dəyişdi. ömər Buludov və Yeqor Boqomolskinin mübarizəyə qoşulması ilə qonaqlar dördlü müdafiəyə qayıtdı. Bu isə cəmi bir neçə dəqiqə sonra öz bəhrəsini verdi. İkinci hissədə oyuna qoşulan Hacıyev-Boqomolski paslaşması Sayefin topu boş qapıdan keçirməsi ilə nəticələndi. Bakılılar hücumu o qədər sürətli qurdular ki, "Kəpəz"in müdafiə xətti bunu ancaq izləməklə kifayətləndi.
 
İkinci qol artıq "Neftçi"nin qələbəsinə şübhələrin üstündən tamam xətt çəkdi. çünki "Kəpəz" məhəllə futbolu səviyyəsində hücumlarla bu cür rəqibə qol vura bilməzdi. Bir sözlə, paytaxt təmsilçisi səfərdə qələbəni gəzə-gəzə qazandı. Komanda rəqibinə oynamaq üçün geniş imkan yaratmasına baxmayaraq, ümumi kollektiv şəkildə çox əziyyət çəkmədi. "Kəpəz"in isə başından hündürə tullanaraq güclü rəqibi ilə çəkinmədən mübarizə aparması alqışalayiqdir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest