14 Noyabr 2022, 15:07
DÇ-2026
"Borussiya"nın (Mönhenqladbax) futbolçusu Markus Türam Qətərdə keçiriləcək dünya çempionatı üçün Fransa millisinə çağırılıb. Matc.az xəbər verir ki, baş məşqçi Didye Deşam 25 yaşlı hücumçunu yekun siyahıya daxil etmək qərarına gəlib.
Daha əvvəl Fransa millisinin 25 oyunçudan ibarət heyəti təqdim olunmuşdu.
Yeri gəlmişkən, Fransa millisi Qətərdə keçiriləcək dünya çempionatından əvvəl itki ilə üzləşib. Fransa Futbol Federasiyasının rəsmi saytının yaydığı məlumata görə, PSJ klubundan yığmaya cəlb olunan Presnel Kimpembe zədəsini tam sağaltmadığı üçün mundialda iştirak etməyəcək. Onun yerinə komandaya "Monako"dan Aksel Disasi dəvət alıb.
Fransa millisi noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək çempionatda Danimarka, Avstraliya və Tunislə birlikdə D qrupunda mübarizə aparacaq.