22 Aprel 2023, 13:50
FUTBOL
Misli Premyer Liqasının XXXI turunda "Neftçi" autsayder "Səbail"in qonağı olacaq. Matc.az saytı xəbər verir ki, bu, paytaxt klublarının ölkə çempionatlarında 23-cü oyunudu.
2017-ci ildən başlayan rəqabətdə "ağ-qaralar" böyük üstünlüyə malikdi. Təsadüfi deyil ki, "Səbail" 6 il ərzində cəmi 2 dəfə "Neftçi"ni məğlub etməyə müvəffəq olub. Qəsəbə təmsilçisi il qalibiyyətini 2017-ci ildə komandaların ilk duelində, ikinci və sonuncu qələbəsini isə 2019-cu ildə səfərdə qazanıb. Digər 20 duelin 17-də "Neftçi" rəqibini məğlubiyyətə uğradıb. 3 qarşılaşmada isə tərəflər hərəyə 1 xala razılaşıblar.
Top fərqində də "Neftçi" böyük üstünlüyə malikdi – 49:12. Bu gün Laurentsiu Regekampfın yetirmələrinin ilk qolu "Səbail" önündə 50-ci top kimi yadda qalacaq.
ümumiyyətlə, "Səbail" son 15 matçda qələbə üzü görməyib. Komandaların son 11 qarşıdurmasından isə "Neftçi" qalib ayrılıb. Yəni "Səbail" axırıncı dəfə üç il əvvəl – 2020-ci ildə bugünkü rəqibini büdrədə bilib (1:1).
Qeyd edək ki, "ASCO Arena"da keçiriləcək "Səbail" – "Neftçi" matçı saat 18:30-da başlayacaq.