“Heyətimizdə zədəlilər də vardı. Üstəlik kapitan Cervis Qarretin də zədəsi mövcuddur. İki gün məşqlərə çıxmadı, amma fədakarlıq göstərib bu gün oynadı”

“Gəncə” basketbol komandasının baş məşqçisi Murad Dikmen “Sportinq” üzərində qələbədən sonra oyunla bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, öncə azarkeşlərə təşəkkür edib. 
 
“Hər şeydən əvvəl oyuna gələn bütün azarkeşlərə təşəkkür edirəm. Onlar qələbəmizdə pay sahibidirlər. Zəfərimizi Gəncəyə ərmağan edirik”-  deyə, mütəxəssis bildirib.
 
Dikmen vurğulayıb ki, komanda FIBA Avropa Kubokunda ilk mövsümündə ilk qələbəsini qazanıb: “Bu, mənim üçün də çox dəyərlidir. Tarix yazdığımızı düşünürəm”. 
 
O, uğurda əməyi olan basketbolçulara, məşqçi və texniki heyətə, klub rəhbərliyinə təşəkkür edib.
 
Məşqçi oyunun çətin keçəcəyini əvvəlcədən bildiklərini deyib: “Heyətimizdə zədəlilər də vardı. Üstəlik kapitan Cervis Qarretin də zədəsi mövcuddur. İki gün məşqlərə çıxmadı, amma fədakarlıq göstərib bu gün oynadı”.
 
Dikmen dar rotasiyaya baxmayaraq komandanın, o cümlədən yerli basketbolçuların yaxşı mübarizə apardığını qeyd edib: “Təslim olmadıq. Matçın əvvəlini çıxmaq şərtilə bütün oyuna nəzarət bizim əlimizdə idi. Həm hücumda, həm də müdafiədə inamla çıxış etdik. Görüşün sonu həyəcanlı olsa da, nəticə xeyrimizə oldu”.
 
Baş məşqçi qələbənin davamının gətirilməsinin vacibliyini də vurğulayıb: “Bunun davamını Avropa Kubokunda və liqada gətirməliyik”.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest