Sabah Misli Premyer Liqasında XXXIII tura start veriləcək. Matc.az xəbər verir ki, üç günü əhatə edəcək turun açılış görüşü Qəbələdə baş tutacaq. Gəncə şəhər stadionunun ot örtüyündə aparılan yenidənqurma işləri davam etdiyindən, "Kəpəz" "Sabah"ı Qəbələ şəhər stadionunda qəbul edəcək. Gəncə təmsilçisi qalib gələrsə, elitadakı yerini təmin edə bilər. "Sabah" isə çempionluq ümidini itirməmək üçün Qəbələdən 3 xalla dönməlidi.

Autsayderlər zonasında qərarlaşan "Şamaxı" "Zirə"ni qonaq edəcək. Şamaxılılar sonuncu pillədəki rəqibindən uzaqlaşmaq, bakılılar isə 4-cü yer şansını qorumaq üçün qələbəyə məhkumdu.

Lider "Qarabağ" "Qəbələ"ni sınağa çəkəcək. Ağdam təmsilçisi artıq bu turda çempionluğunu rəsmiləşdirə bilər. Bunun üçün Qurban Qurbanovun kollektivi qalib gəlməli, ən yaxın izləyicisi "Sabah" isə büdrəməlidi.

"Turan Tovuz" – "Neftçi" qarşılaşmasının turnir cədvəlinə elə ciddi təsiri olmayacaq. çünki "ağ-qaralar", onsuz da bürünc medal qazanacaq. Tovuz təmsilçisi də elitadakı yerini demək olar ki, təmin edib. Bu, yalnız ölkə kubokunun yarımfinal mərhələsindəki dramatik matçlar səbəbindən sonra prinsipiallıq daşıya bilər.

Tura Sumqayıtda yekun vurulacaq. Sonuncu pillənin sahibi "Səbail" yerli komandanın qonağı olacaq. "Gənclik şəhəri" təmsilçisi doğma arenasında qələbə qazanarsa, elitadakı yerini rəsmiləşdirəcək. Əks təqdirdə isə "Sumqayıt"ın işi çətinləşəcək.

Misli Premyer Liqası
XXXIII tur

5 may (cümə)

18:00. "Kəpəz" – "Sabah"
Qəbələ şəhər stadionu

6 may (şənbə)

16:30. "Şamaxı" – "Zirə"
Şamaxı şəhər stadionu

19:00. "Qarabağ" – "Qəbələ"
"Azersun Arena"

7 may (bazar)

15:00. "Turan Tovuz" – "Neftçi"
Tovuz şəhər stadionu

19:00. "Sumqayıt" – "Səbail"
"Kapital Bank Arena"

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest