Niderland millisinin sabiq müdafiəçisi Con Heytinqa "Ayaks"ın baş məşqçisi vəzifəsindən azad edilib.
Matc.az xəbər verir ki, bu barədə komandanın rəsmi saytında məlumat verilib.
Onun 2027-ci ilin yayına qədər olan müqaviləsi klubun təşəbbüsü ilə ləğv edilib.
Con Heytinqa "Ayaks"ı 2025-ci ilin iyul ayından çalışdırırdı. Bu, keçmiş futbolçunun böyük komandaya rəhbərlik etdiyi ilk təcrübəsi idi. O, əvvəllər Amsterdam klubunun yeniyetmə və gənclər komandalarında məşqçilik edib. 2024-cü ilin iyulundan 2025-ci ilin mayına qədər isə "Liverpul"un baş məşqçisi Arne Slotun köməkçi məşqçisi olub.
"Ayaks" Erediviziyada 11 oyunda 20 xal toplayaraq dördüncü yerdədir və lider "Feyenoord"dan 8 xal geri qalır.
Ötən gün isə, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda evdə "Qalatasaray"a 3 cavabsız qolla uduzub. Çempionlar Liqasında dörd turdan sonra komandanın aktivində xal yoxdur.












