"Barselona" "Yuventus"un hücumçusu Duşan Vlahoviçi Ferran Torresin klubdan ayrılacağı təqdirdə alternativ variant kimi nəzərdən keçirir, lakin serbiyalı forvardın namizədliyi prioritet hədəf deyil.
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Bildirilir ki, Kataloniya klubu 26 yaşlı futbolçunun "Yuventus"la müqaviləsinin iyunun 30-da başa çatacağını və onun transferini pulsuz reallaşdıra biləcəyini anlayır. Bununla belə, Vlahoviç illik təxminən 8 milyon avro maaş, həmçinin 15 milyon avro imza bonusu tələb etmək niyyətindədir.
Başa çatan mövsümdə Vlahoviç bütün turnirlərdə 23 matçda iştirak edib, 10 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalında futbolçunun hazırkı bazar dəyəri 35 milyon avro təşkil edir.













