Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti Yasir Əl-Mişhal milli komandanın DÇ-2026-dakı uğursuzluğundan sonra vəzifəsindən istefa verib.
Matc.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Uğursuzluğa görə məsuliyyəti öz üzərinə götürən federasiya rəhbəri qərarını bu cür şərh edib:
"Milli komandanın dünya çempionatında növbəti mərhələyə yüksələ bilməməsi ambisiyalarımıza uyğun olmayan bir nəticədir. Buna görə tam məsuliyyəti öz üzərimə götürürəm və komandamızı daha yüksək pillələrdə görmək istəyən hər kəsdən üzr istəyirəm. Məsuliyyətin həm də yeni mərhələnin başlanması üçün fürsət yaratmaq tələb etdiyinə inanaraq, səlahiyyət müddətimin sonuna qədər bu postda qalmamaq qərarına gəldim".
Qeyd edək ki, təxminən 7 il bu vəzifəni tutan Yasir Əl-Mişhal Səudiyyə Ərəbistanının DÇ-2034-ə ev sahibliyi etmək hüququ qazanmasında əsas rol oynayan şəxslərdən biri olub.
Xatırladaq ki, səudiyyəlilər cari dünya çempionatını qrup mərhələsində qələbə qazanmadan başa vuraraq turnirlə vidalaşıblar. Yorqos Donisin yetirmələri əvvəlcə Uruqvayla heç-heçə edib (1:1), ardınca İspaniyaya darmadağın olub (0:4), son turda isə Kabo-Verde ilə qolsuz bərabərliyə (0:0) razılaşaraq pley-off şansını itiriblər.













