Paraqvay Prezidenti Santyaqo Penya ölkə millisinin 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Almaniya üzərində qazandığı tarixi qələbə şərəfinə ölkədə rəsmi bayram günü və qeyri-iş günü elan edib. Ölkə başçısı bu qərarın xalqın böyük sevinci ilə üst-üstə düşdüyünü vurğulayıb.
Matc.az xəbər verir ki, dövlət rəhbəri bu barədə özünün "Instagram" hesabında məlumat paylaşıb.
Santyaqo Penya xalqa müraciətində və rəsmi fərmanda bu sözləri qeyd edib:
"Böyük Paraqvay! Bu gün bütün ölkə bayram edir. Kimliyimizin ən dərin xüsusiyyətlərini – əzmkarlığı, imanı və heç vaxt təslim olmayan bir xalqın gücünü təcəssüm etdirən milli komandanın qələbəsini qeyd edir. Bizə bu sonsuz sevinci bəxş etdiyinə və milyonlarla paraqvaylını yenidən bir bayraq altında birləşdirdiyinə görə təşəkkür edirəm, "Albiroxa". Fərman № 6280: yaxşı olanı gözləməyə dəyərdi. İrəli, Paraqvay!".
Paraqvay millisi sensasiyaya imza ataraq əsas vaxtı 1:1 hesabı ilə başa çatan oyunda Almaniyanı penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edib və cari dünya çempionatının 1/8 finalına yüksəlib.
Qarşılaşmanın ən yaxşı oyunçusu penaltilər seriyasında iki 11 metrlik zərbəni dəf edən Paraqvay yığmasının qapıçısı Orlando Xil seçilib.













