Azərbaycan bu həftə UEFA reytinqində aktivinə 0,750 əmsal yazdırıb.
Matc.az xəbər verir ki, bu barədə Avropa futbol qurumunun rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, son olaraq UEFA Avropa Liqasının I təsnifat mərhələsində mübarizə aparan "Qarabağ" Bakıda İslandiyanın "Vestri" klubunu darmadağın edib – 3:0. Ağdam təmsilçisinin bu qələbəsi ölkə reytinqinə 0,250 əmsal qazandırıb.
Daha əvvəl isə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində qüvvəsini sınayan "Sabah" Uelsin TNS komandasına (2:0), UEFA Konfrans Liqasında çıxış edən "Zirə" isə Gürcüstan "Torpedo"suna (3:0) qalib gəlib. Bu komandaların hər biri də öz növbəsində ümumi hesaba 0,250 əmsal əlavə edib.
Hazırda Azərbaycan 19,312 xalla sıralamada 26-cı pillədə qərarlaşıb. Reytinq cədvəlində ölkəmizdən bir pillə geridə olan Slovakiya (18,250) 27-ci, bir pillə öndə yer alan İsrail (20,750) isə 25-ci yerdədir. Siyahıya isə 101,852 xalla İngiltərə liderlik edir.













