"Qalatasaray" ilin transferini reallaşdırmaq üçün hərəkətə keçib.

Matc.az xəbər verir ki, bu barədə "Fotomaç" nəşri məlumat yayıb.

Bildirilir ki, rəqiblərinin ard-arda etdiyi səs-küylü transferlərdən sonra "sarı-qırmızılılar" da ulduz futbolçu transfer etməyə çalışırlar. İstanbul təmsilçisi "Bayern"in 23 yaşlı 10 nömrəsi Camal Musialanı heyətinə qatmaq istəyir.

Münhen klubunun İbrahim Saibarini transfer etməsindən sonra gənc ulduzun forma rəqabətində çətinlik çəkəcəyi gözlənilir. Üstəlik, Musiala ötən mövsüm yaşadığı şanssız zədələr səbəbindən Almaniya çempionatında cəmi 15 matçda meydana çıxa bilib.

Bu vəziyyətdən yararlanmaq istəyən "Qalatasaray" rəhbərliyi, eynilə Viktor Osimhen transferində olduğu kimi ulduz futbolçunu məcburi satınalma opsiyası olmadan icarəyə götürmək üçün rəsmi təklif hazırlayır.

Bazar dəyəri 100 milyon avro göstərilən almaniyalı oyunçunun Türkiyəyə gəlişi reallaşarsa, bu addımın Osimhen transferini belə kölgədə qoya biləcəyi vurğulanır.

Xatırladaq ki, 23 yaşlı hücumameyilli yarımmüdafiəçinin Münhen klubu ilə müqavilə müddəti 2030-cu ilə qədərdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest