"Hazırkı istəyimiz cavab görüşündə yaxşı nəticə əldə edərək mərhələ adlamaq olacaq".
KuPS"un baş məçqçisi Miika Nuutinen "Sabah"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında iştirak edib.
Matc.az xəbər verir ki, o, məğlub olduqları oyunla bağlı fikirlərini bildirib:
"Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. "Sabah" topla çox yaxşı oynayırdı. Onlar bir neçə qol epizodu əldə etdilər. Düşünürəm ki, növbəti mərhələyə yüksəlmək üçün şansımız var. 1 həftə sonra doğma meydanda ən yüksək oyunlarımızdan birini keçirəcəyik. Demək olar ki, bu gün bəxtimiz gətirdi. Hesab daha da böyük ola bilərdi".
O, cavab oyunu öncəsi hazırkı nəticənin "KuPS" üçün normal olduğunu bildirib:
"Cavab qarşılaşması üçün 0:1 hesablı məğlubiyyəti normal hesab etmək olar. Meydanda vaxtı öldürməyə çalışmamışıq. Hazırkı istəyimiz cavab görüşündə yaxşı nəticə əldə edərək mərhələ adlamaq olacaq. Heyətimizdə yaxşı futbolçular var".
Qeyd edək ki, "Sabah" - "KuPS" matçı Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab oyunu isə iyulun 28-də Finlandiyada keçiriləcək.













