"Qalatasaray"da 10 nömrəli mövqe üçün Brahim Dias ismi ön plana çıxmağa başlayıb. "Real" forması geyinən futbolçu üçün cəhdlərini davam etdirən İstanbul təmsilçisinin bu addımına Dias da müsbət yanaşır.
Matc.az xəbər verir ki, bu barədə Türkiyənin "Milliyet" nəşri məlumat yayıb.
Bildirilir ki, Bruno Fernandesin transfer xərclərinin yüksək olması səbəbindən bu keçid arxa plana keçib və siyahıda yer alan Diasla bağlı müsbət irəliləyişlər əldə olunub.
İspaniya klubu ilə daha 1 illik müqaviləsi olan 26 yaşlı futbolçu "Qalatasaray"ın təklifinə razılıq verib və rəhbərlikdən bu transferə icazə verməsini xahiş edib.
İstanbul klubu yarımmüdafiəçi üçün 15 milyon avro ödəməyə hazırdır. "Real" rəhbərliyi isə futbolçuya görə 25 milyon avro tələb edir.
Diasın Madrid klubunun gələcək planlarına daxil edilməməsi bu transferdə "Qalatasaray"ın əlini gücləndirir və klublar arasında danışıqlar davam edir. "Sarı-qırmızılılar" futbolçuya illik 7.5 milyon avro maaş təklif etməyi planlaşdırır.
Qeyd edək ki, Brahim Dias geridə qalan mövsümdə "Real" forması ilə meydana çıxış etdiyi 42 oyunda 2 qol vurub və 9 məhsuldar ötürmə edib.












