"Milliyə dəvət özünəinamı artırdı, yeni hədəflər üçün məndə əlavə motivasiya formalaşdırdı". Matc.az xəbər verir ki, bunu Xorvatiya millisinin müdafiəçisi Dario Melnyak deyib.

Sol cinah oyunçusu yerli mətbuata açıqlamasında Xorvatiya millisinə çağırılmasını dəyərləndirib. 27 yaşlı futbolçu AVRO-2020-nin qarşıdakı seçmə mərhələ matçlarında qələbəni hədəflədiklərini vurğulayıb: "Xorvatiya millisində belə möhtəşəm futbolçuların əhatəsində 10-15 gün qalmaq gözəl hissdi. Əvvəl məni yığmada hamı gözəl qarşıladı. Həmin gündən məndə yeni motivasiya yaranıb və inkişaf istəyim artıb. Qarşıda Slovakiya və Azərbaycanla seçmə mərhələ oyunları bizi gözləyir. Hər iki rəqiblə səfərdə qarşılaşacağıq. Ancaq vəziyyət elə gətirib ki, həm Trnava, həm də Bakıdan 3 xalla dönmək məcburiyyətindəyik".

2016-cı ildə qısa müddət "Neftçi"nin formasını geyinmiş Melnyak hazırda "çaykur Rizəspor"un uğurları üçün çalışır. Müdafiəçi məqsədinin daha böyük kluba keçmək olduğunu gizlətməyib: "Klubumuzda vəziyyət yaxşıdı. Yenidən yüksəlişə keçdiyim üçün "çaykur Rizəspor"a minnətdaram. Yeni baş məşqçim dedi ki, bu gedişlə qısa müddətdən sonra daha böyük kluba keçəcəm. Bəlkə Türkiyədə daha böyük kluba keçdim. Təbii ki, "böyük beşlik" ölkələri əsas hədəfimdi. Ancaq addım-addım irəliləməliyəm. 6 il əvvəl "Domjale"də çıxış edirdim, bu gün Xorvatiya millisinin üzvüyəm. Bütün bunlara görə, məşqçilərimə, yığmanın çalışdırıcısı Zlatko Daliçə minnətdaram".

Qeyd edək ki, xorvatlar sentyabrın 6-da Slovakiyanın, 9-da isə Azərbaycanın qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest