Futbolçu karyerası ərzində ölkəmizin “Kəpəz”, “Neftçi”, “Xəzər Lənkəran”, “Karvan”, həmçinin Bolqarıstanın “Liteks”, Rusiyanın “Alaniya” klublarında və milli komandamızda aparıcı oyunçulardan olmuş Emin Quliyevin müsahibəsi.  

- Son həftələr futbol veteranları - Nazim Süleymanovla Oqtay Abdullayev arasında qarşılıqlı "söz atışmaları", ittihamlar geniş vüsət alıb. Yeni nəsil futbol veteranlarının nümayəndəsi kimi hansı tərəfi haqlı hesab edirsiz?
- Oqtay müəllimi Veteranlar İttifaqının sədri seçmişik. Konfrans oldu, hamı ona səs verdi. Nazim Süleymanov da orada idi. Əgər sözü var idisə, orada deyərdi. Bu məsələlərdən xoşum gəlmir. Birlik olmalıdır. Oqtay müəllimdən razıyam, hamıya kömək edir, kimin nə problemi varsa, həll edir. Kimin sözü varsa, gəlsin, desin. Neçə dəfə eşitmişəm ki, Oqtay müəllim Nazim Süleymanovu dəvət edib, amma o, gəlməyib. Bu mövzuda Oqtay müəllimi haqlı hesab edirəm.

- Futbolçu Emin Quliyev daim diqqət mərkəzində idi, haqqında danışılırdı. Amma karyeranızı başa vurduqdan sonra sanki "kölgəyə" çəkilmisiniz. Səbəb nədir?
- Karyeramı başa vurandan sonra B kateqoriyasını oxudum, aldım. Daha sonra “Rəvan”da məşqçi işlədim. Amma ora getdiyimə görə indi də peşmanam. Çox şeylər gördüm. Futbola aidiyyatı olmayan məsələləri nəzərdə tuturam. Demək olar ki, futbolu fikirləşən yox idi. Kənara çəkildim, sanki hər şeydən küsdüm. O vaxtı sağ olsun, Elxan Məmmədov çağırdı və “Mançester Yunayted” məktəbində işlədim. Daha sonra bir az işsiz qaldım. Arada çempionat oyunlarına gedib izləyirdim. Ancaq əvvəl çempionatda olan ab-hava indi yoxdur. Hazırda isə “elit-məşq” lahiyəsində Bakı zonasında işləyirəm.

- “Rəvan” məşqçi karyeranıza nə qədər zərbə vurdu?
- Çempionata 20 gün qalmış məni dəvət etmişdilər. Komandanı toparlamağa az vaxtımız oldu. Düzdür, bu qısa müddətdə nəsə edə bildik, toplanışa da getmişdik. Klubun sahibi Nuru müəllimlə görüşmək istəyirdim, komanda ilə bağlı danışmaq üçün. Amma klubun içində olan adamlar imkan vermədi ki, görüşəm. Bilmirəm nəsə gizlin işləri var idi ki, yəqin ona görə istəmirdilər Nuru müəllim bilsin. Normal da oynayırdıq. Amma sonradan eşitdim ki, ora gəlməyimi istəməyən məşqçilər var imiş. Deyəsən, komandada öz futbolçuları var idi. Daha sonra eşitdim ki, bir neçə futbolçu da "çirkin işlərə" əl atıb. Bunları eşidəndən sonra nifrət etdim, hər şeyə. “Rəvan”a getməyimə peşman oldum.

- “Xəzər Lənkəran”da Con Toşak, Mustafa Dənizli ilə birlikdə işləmisiniz. Hər ikisi tanınmış və karyerası olan məşqçilərdir. Onlardan nə öyrənə bildiniz?
- Onlar adlı-sanlı məşqçilərdir. Amma nə Toşak, nə də Dənizli tam ürəklə işləyirdi. Onlar karyeralarını bitirmiş adamlar idi, istirahətə gəlmişdilər. Elə ona görə uğursuzluq oldu. Əgər baş məşqçi gətirirsənsə, gərək ona şans verəsən. Ən azından 1-2 il işləməlidir, komandanı qurmalıdır. Ancaq bizdə məşqçi 5-6 ay işləyir, daha sonra yolları ayırırlar. Yeni baş məşqçi gəlir, komandanı güclə qurur, 6 aydan sonra “yaxşı yol” deyirlər. Məsələn, “Qarabağ”da bu cür deyil. Klub prezidenti, baş məşqçi də yaxşı insanlardır. Şans verdilər, Qurban Qurbanov beş il işlədi, daha sonra nəticə verdi və indi də uğurlarını davam etdirir. Hər şeyi düzgün qurublar, buna görə də işləri qaydasında gedir.

- Həmin nəsildən Qurban Qurbanovdan savayı güclü və nəticə verən məşqçi çıxdığını demək olmaz. Sizcə, niyə belə oldu?
- Qurban Qurbanovla yaxın olmuşam, ona böyük hörmətim var. Millidə və “Neftçi”də birlikdə oynamışıq. Qurban Qurbanov işlədi, əziyyət çəkdi, klub prezidenti də onun işinə qarışmadı. Qurban Qurbanov işini düzgün qurdu və işi də yaxşı gedir.

- Bir müddət əvvəl keçmiş komanda yoldaşlarınızdan danışarkən onlardan narazılıq etmişdiniz. Deyəsən, Qurban Qurbanovu da nəzərdə tutmuşdunuz. İndi münasibətiniz düzəlib?
- Qurban Qurbanova böyük hörmətim var. O vaxtı “Xəzər Lənkəran”dan ayrılanda Qurban Qurbanov məni “Qarabağ”a dəvət etdi. “Qəbələ”dən də təklif gəlmişdi. İqor Ponomaryovun “Xəzər Lənkəran”a gəldiyi vaxt klubla bir az maliyyə söhbətim var idi. Mən də düşdüm o məsələnin arxasınca, sonda da heç bir nəticə olmadı. Başım qarışdı, təkliflər sanki yaddan çıxdı. Ondan sonra Qurban Qurbanovla bir az inciklik olmuşdu. Amma sonradan barışdıq, hər şey qaydasındadır.

- Vaxtilə “Neftçi”nin aparıcı oyunçularından olmusunuz. Komandanın indiki durumunu necə dəyərləndirirsiniz?
- Çempionat başlayanda deyirdilər ki, “Neftçi” bu mövsüm çempion olacaq. Məncə, “Neftçi”də artıq legionerlər çoxdur. Orada lider də çatışmır. Bizim vaxtımızda biz özümüz nümunə idik. Komandaya gələn legionerdən tələb edirdim ki, mən edirəmsə, sən də etməlisən. Onlar da bizə hörmət edirdilər. Amma indi baxıram ki, “Neftçi”də olan legionerlər nə istəyir edir, hərə özü üçün oynayır. Bilirəm ki, klubda heç kimin sözünə qulaq asmırlar. Komanda ailədir, çünki evdən çox, klubda olursan. Elə kapitan seçmək lazımdır ki, lider olsun və hamı ona hörmət etsin. Mən “Neftçi”də bunu görmürəm.

- Bu yaxınlarda “Neftçi”nin hücumçusu Baqali Dabo şəxsi sosial şəbəkəsində azarkeşləri söymüşdü də...
- “Qudurğanlıq”dan, heç kimi saymamaqdan irəli gəlir. Klubda onu “qudurdublar”. Müqavilə imzalayırlar, oynadı-oynamadı pulunu alır, ona görə nə istəyir edirlər.

- Hər tur azarkeşlər “Neftçi” qalib gəlsə də, gəlməsə də, rəhbərliyi və baş məşqçini istefaya səsləyirlər. Onları haqlı hesab edirsən?
- Futbolu kim üçün oynayırsan? Əlbəttə, azarkeşə görə. Komanda uddu, ya uduzdu azarkeş onların yanında olmalıdır. Klubda deyiləm, nə baş verdiyini bilmirəm. Son oyunlarına mən də getmişdim və azarkeşlərin istefa qışqırdığını gördüm.

- Sizcə, problem rəhbərlik səviyyəsindədir?
- Yəqin ki, rəhbərlik səviyyəsindədir ki, azarkeşlər istefa qışqırırlar. Amma ətraflı nəsə deyə bilmərəm. Çünki klubun içində deyiləm.

- Çempionluğa əsas namizəd “Qarabağ” ilk dövrəni maksimum nəticə ilə başa vurub. Sizcə, Ağdam təmsilçisi bu mövsüm asanlıqla çempion olacaq?
- Çempionat başlayanda deyirdim ki, “Qarabağ” çempion olacaq. Onlar əvvəlki, stabil oyununu göstərir. Yaxşı legionerləri, komandanın lideri var. Fikrimcə, “Qarabağ” yenə çempion olacaq.

- Millimiz üç gün sonra Macarıstanla oynayacaq. Sizcə, səfərdən uğurlu nəticə ilə qayıtmaq mümkün olacaq?
- Bu komanda bizimdir də. Həmişə istəyirəm ki, onlar qalib gəlsin, yaxşı nəticələr versin. Necə ki Xorvatiyaya qarşı oynadılar, gərək Budapeştdə də "döyüşsünlər". Futbolda hər şey olur, uda da bilərlər, uduza da. İstənilən halda "vuruşmalıdılar", oyun göstərməlidilər. Macarıstana qarşı çətin olacaq. Xarici klublarda oynayan futbolçularımız çox olsa, milliyə də xeyri dəyər. Çempionatımız zəifdir, 8 klub mübarizə aparır. Futbolçularımız xarici klublarda oynamasa, həmişə bu cür bir xal üçün vuruşub, çətinliklə nəsə əldə edəcəyik.

- Millidə oynadığınız vaxtlarda komandada daha "güclü nəsil" var idi, xaricdə oynayan futbolçularımız az deyildi. Amma onda da böyük hesabla uduzurduq, indi də. Millimizin yerində saydığını demək olar?
- Düzdür, o vaxtı da böyük hesablarla uduzurduq. Yenə deyirəm yaxşı legionerlərimiz olmalıdır. Bir yol tapıb futbolçularımızı xaricə çıxarmalıyıq. Çox uzağa getməyək, Gürcüstana baxın. Nə qədər futbolçusu xarici klublarda oynayır. Menecer tapmalıyıq ki, futbolçularımızı xaricə aparsın, yaxşı klublarda oynasınlar və millimizə kömək etsinlər.

- Yığmamızın gənc hücumçusu Renat Dadaşov yayda “Vulverhempton”la müqavilə imzaladı və “Pakoş Ferreyra”ya icarəyə verildi. Sizcə, o, gələcəkdə yığmamızın əsas hücumçusu ola bilər?
- Onun 1-2 oyununa baxmışam, şəxsən mənim Renatın oyunundan xoşum gəlmir.

- Bəs onu Ramil Şeydayevlə müqayisə etsək necə?
- İnsafla danışaq, Şeydayev mübarizə aparır, vuruşur, əlindən gələni edir. Renat yox e, çıxır oyuna, elə-belə. Onun oyunundan xoşum gəlmir.

- Futbolçu vaxtınızda xaricdə “Alaniya”, “Liteks”də oynamısınız. "Top liqalar"ın hansındasa oynamaq şansınız olub?
- Yaxşı sual verdin. Bolqarıstana gedəndə 1-2 il oynadım orada. Oradan İtaliyaya da gedə bilərdim. “Liteks”də futbolçular var idi ki, İtaliyaya gedirdi. Onların meneceri var idi və mənim üçün də bu mümkün ola bilərdi. Amma Azərbaycana qayıtdım və geri qayıtdığıma görə peşman oldum. Kaş ki, Azərbaycana qayıtmazdım. “Liteks”də qalsaydım, Avropanın daha güclü liqalarına gedə bilərdim. İndi peşmanam. sportinfo.az

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest