"Bütün futbolçuları meydanda görmək istəyirdik".
20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rui Jorje Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə Qəbələ şəhər stadionunda keçirilən yoldaşlıq oyunundan sonra açıqlama verib. Minimal hesablı məğlubiyyətlə (0:1) başa çatan qarşılaşmanı dəyərləndirən portuqaliyalı mütəxəssis komandanın hazırkı durumundan danışıb.
Matc.az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.
Baş məşqçi futbolçuların əzmkarlığından razı qaldığını, lakin inkişaf etməli olduqlarını qeyd edib:
"Futbolçularımız istəkli idilər, çox səy göstərdilər. Amma göründü ki, daha çox inkişaf etməli, daha keyfiyyətli oynamalıyıq. Təbii ki, yağışlı havada çıxış etmək o qədər də rahat deyil. Ancaq hər iki komanda üçün vəziyyət eyni idi. Futbolçuların oynama əzmi və mübarizəsi xoşuma gəldi. Performansımızı artırmağa, gündən-günə daha yaxşı olmağa çalışacağıq".
Fasilədən sonra birdən-birə doqquz əvəzetmə etməsinə aydınlıq gətirən mütəxəssis bütün oyunçuları sınamaq istədiyini bildirib: "Bütün futbolçuları meydanda görmək istəyirdik. Buna görə də, ikinci hissəyə 9 əvəzetmə ilə başladıq. Oyunçuların bir-birlərini necə başa düşdüklərini, nədə çətinlik çəkdiklərini bilmək üçün onlara şans vermək lazımdır".
Rui Jorje millinin oktyabrın 6-da Yaponiya yığmasına qarşı keçirəcəyi növbəti yoldaşlıq görüşünə yorğun çıxmayacaqlarını vurğulayıb:
"Vüsal Paşayev istisna olmaqla digər futbolçuların hər biri 45 dəqiqə meydanda oldu. Bu səbəbdən Yaponiya ilə matça yorğun çıxacağımızı düşünmürəm. Üstəlik, nəzərə alaq ki, dünya çempionatında da matçlar üç gündən bir olur. Bunlara hazır olmalıyıq".
Qeyd edək ki, oktyabrın 6-da saat 16:00-da Qəbələ şəhər stadionunda keçiriləcək Azərbaycan - Yaponiya qarşılaşması canlı yayımlanacaq.













