AVRO-2020-nin seçmə mərhələsində son oyunlarını Azərbaycan və Macarıstana qarşı keçirəcək Uels yığmasının heyətlə bağlı problemləri davam edir. Matc.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, baş məşqçi Rayan Giqqz seçmə mərhələnin son görüşlərində daha bir futbolçunun xidmətindən məhrum olacaq.

Söhbət sol cinah müdafiəçisi Neyl Teylordan gedir. Qarşıdakı oyunlar üçün heyətə çağırılan 30 yaşlı oyunçu Azərbaycan və Macarıstanla matçı buraxmalı olacaq. "Aston Villa"nın müdafiəçisi şəxsi işləri ilə əlaqədar baş məşqçidən icazə istəyib. Nəticədə Giqqz onu heyətdən çıxarmalı olub. Lakin Teylorun əvəzinə milliyə kimin dəvət ediləcəyi hələlik açıqlanmayıb.

Təcrübəli oyunçu Uels yığmasının heyətində sonuncu dəfə məhz Azərbaycanla qarşılaşmada iştirak edib. Belə ki, iyunun 9-da Kardiffdə baş tutan görüşdə (2:1) futbolçu 80 dəqiqə meydanda olub.

Qeyd edək ki, noyabrın 16-da Bakıda millimizin qonağı olacaq Uels yığması bundan 3 gün sonra Kardiffdə Macarıstanı qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest