Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun AVRO-2020-nin seçmə mərhələsində Slovakiya ilə son oyunu (0:2) buraxmasının səbəbi müəyyənləşib. Bu barədə matc.az saytına açıqlamasında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.

O bildirib ki, 29 yaşlı orta sahə oyunçusunun səfər qarşılaşmasını buraxacağı bir gün öncədən bəlli idi. Assosiasiya rəsmisi Nazarovun yüngül zədəsinin olduğunu və bu səbəbdən özünü riskə atmaq istəmədiyini vurğulayıb: "Trnavadakı oyundan bir gün əvvəl millinin açıq məşqi vaxtı Nazarov həkimlə birlikdə mənə yaxınlaşıb, yüngül zədəsinin olduğunu dedi. Zədəsi ciddi deyildi, ancaq həmin vəziyyətdə oynaya bilməzdi. özü də söylədi ki, 4-5 günlük reabilitasiyadan sonra oynaya bilərəm. Onu da bildirdi ki, jurnalistlərdən xahiş edirəm, zədə məsələsini çox qabartmasınlar. çünki Almaniyaya qayıdanda klubda bununla bağlı problem yaşamasından narahat idi. Həkim özü də orda idi, o durumda oynaya bilməzdi".

Qeyd edək ki, Slovakiya ilə matçdan 3 gün əvvəl - noyabrın 16-da Bakıda Uelslə keçirilən qarşılaşmada (0:2) Nazarov start heyətində meydana çıxmış və 82-ci dəqiqədə əvəzlənmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest