Rusiya Futbol İttifaqının (RFU) baş katibi Maksim Mitrofanov bildirib ki, Rusiya millisi FİFA reytinqində ilk “onluq”da yer alan komandalarla yoldaşlıq görüşləri keçirmək imkanını müzakirə edib. Lakin belə qarşılaşmaların təşkili böyük maliyyə xərcləri tələb edə bilər.

Matc.az xəbər verir ki, Mitrofanov bu ilin noyabrında yüksək reytinqli yığmalarla oyunların keçirilməsi ehtimalından danışıb.

“Belə bir imkan mövcuddur. Biz bu ilin noyabrında ilk onluqda yer alan komandalarla oyun keçirmək ehtimalını müzakirə etmişik. Lakin belə qarşılaşmaların qiyməti fərqli ola bilər. Qeyri-rəsmi məlumatlara görə, bəzi komandalarla yoldaşlıq oyununun təşkili 10 milyon dollardan da baha başa gələ bilər.  Söhbət həqiqətən böyük məbləğlərdən gedir” – deyə Mitrofanov bildirib.

Qeyd edək ki, 2022-ci ilin fevralında FİFA və UEFA Rusiya milli komandalarını və klublarını beynəlxalq yarışlardan kənarlaşdırıb. Həmin vaxtdan etibarən Rusiya millisi yalnız yoldaşlıq görüşlərində iştirak edir.

Rusiya yığması sonuncu dəfə 2021-ci ilin iyununda Avropa çempionatının qrup mərhələsində FİFA reytinqinin ilk onluğunda yer alan komandalarla qarşılaşıb. Həmin oyunlarda rusiyalılar Belçikaya 0:3, Danimarkaya isə 1:4 hesabı ilə məğlub olublar.

Qarşıdakı beynəlxalq fasilə çərçivəsində Rusiya millisinin noyabrın 12-də Özbəkistan, noyabrın 17-də isə Venesuela ilə qarşılaşması planlaşdırılır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest