Premyer Liqada XIII turun ən maraqlı oyunu bəlkə də, "Keşlə" və  "Sumqayıt" arasında oldu. Matc.az saytının məlumatına görə, həm son turlardakı nəticələri, həm də turnir cədvəlindəki mövqeləri baxımından bunu hətta mərkəzi oyun da saymaq olardı.

"Qonşular"dan "Keşlə"nin 7 oyunluq məğlubiyyətsizlik seriyasına ötən turda "Zirə" ilə qarşılaşmada son qoyulmuşdu. Son 3 turda 7 xal toplayan "Sumayıt"ın, xüsusən də, 8 gün əvvəl "Qarabağ"a ilk məğlubiyyət acısı yaşatması komandanın hansı formada olduğundan xəbər verirdi.

Qalib heyətdə və sistemdə dəyişiklik
Ancaq nədənsə, Ayxan Abbasov orta sahədəki düzülüşə əl gəzdirmişdi. Rəhim Sadıxovu ehtiyatda saxlayan baş məşqçi Mehdi Şərifini ilk dəqiqələrdən meydana buraxmışdı. Bu, 5-4-1-i 5-3-2-yə çevirmişdi və Əmir Ağayev nisbətən geridən oynamalı idi. Vüqar Mustafayevin yoxluğunda dayaq yarımmüdafiəçisi mövqeyində Səbuhi Abdullazadə yer almışdı. Hadisələri qabaqlayaraq, gənc oyunçunun bu boşluğu layiqincə doldura bilmədiyini və nəticədə fasilədən sonra əvəzləndiyini qeyd etmək olar.

"Keşlə"nin ən böyük problemi isə Sezar Meza Kollinin yoxluğu idi. ötən matçda qırmızı vərəqə alan paraqvaylının yoxluğunda Ruslan Qurbanov pleymeyker funksiyasını yerinə yetirməli idi. Bununla sağ insayd mövqeyində yaranan boşluğu müdafiəçi Cabir Əmirli doldururdu. Hər iki komanda kompakt futbol oynadığından, matçın axarı az maraq doğurmurdu.

6 dəqiqəlik təzyiqin bəhrəsi, ikiqat qəhrəman
İlk 10 dəqiqədə topa nəzarəti ələ keçirmək uğrunda mübarizə getdi. Hiss olunurdu ki, hər iki tərəf startda kəşfiyyat aparmağa üstünlük verir. Fərdi baxımdan daha keyfiyyətli olan "Keşlə" getdikcə nəzarəti ələ keçirdi. Paytaxt klubunun rəqib qapısı qarşısında təzyiqi cəmi 6 dəqiqə sonra bəhrəsini verdi. Künc zərbəsindən sonra cərimə meydanı daxilindəki qarışıqlıq zamanı bir anda topu önündə görən Miyuşko Boyoviç toru silkələməkdə çətinlik çəkmədi. Aleksey İsayevin monteneqrolu müdafiəçini nəzarətsiz qoyması da qolda həlledici oldu. Boyoviç az sonra "Keşlə"nin qapısı qarşısında topu xətt üzərindən qaytarmaqla ikiqat qəhrəmanlıq etdi.

Meza Kollinin yoxluğunda "Keşlə"də heç kim liderliyi üzərinə götürmək iqtidarında deyildi. Ruslan həmin mövqedə oynasa da, millimizin üzvü bu baxımdan axsayırdı. Təsadüfi deyil ki, bəzi hallarda Lorenzo Frutos onunla yerini dəyişib, pleymeyker funksiyasını yerinə yetirirdi. Paytaxt təmsilçisində paraqvaylı liderin yoxluğunda hər kəs bu məsuliyyəti qismən öz üzərinə götürməyə çalışırdı.
"Sumqayıt"a gəlincə, "gənclik şəhəri" təmsilçisindən bu dəfə sürətli həmlələr görə bilmirdik. Rəqibin topu itirən kimi orta sahədə sıxlıq yaratmasının da buna təsiri böyük idi. Görünür, Tərlan Əhmədov qonaqların oyununu yaxşı təhlil edib. çünki "Sumayıt"ın "ürəyi" olan mərkəz lazımınca "döyünmürdü". Bu üzdən sumqayıtlılar topa yiyələndikləri zaman hücumu geridən "bişirməyə" çalışırdılar. Babayi ilə Şərifi arasında ön xətdə anlaşma istənilən səviyyədə deyildi. üstəlik, pleymeyker Əmir Ağayev də yaxşı "bağlandığından", onları topla təmin edə bilmirdi.

Qarşılıqlı qollar, işə yaramayan taktiki dəyişiklik
Franko Floresin yoxluğunda müdafiənin mərkəzində bütün məsuliyyəti üzərinə götürən Boyoviçin fasilə ərəfəsində zədələnməsi ev sahibləri üçün heç yerinə düşmədi. Tərlan Əhmədov yarımmüdafiəçi Rəşad Sadiqovu məcburiyyətdən müdafiənin mərkəzində oynatmalı oldu. Ancaq ikinci hissədə bu da "Keşlə"yə problem yaratmadı. Əksinə, komanda qısa müddətdə fərqi 2 topa çatdırdı. Uzun ötürmədən sonra Vurğun Hüseynovun mövqeyini itirməsini, Mehdi Cənnətovun isə vaxtında irəli çıxmamağını bombardir Frutos bağışlaya bilməzdi. Artıq itirməyə heç nəyi qalmayan "Sumqayıt" bundan sonra nəzarəti tam ələ aldı. Qonaqların cərimə meydanına tez-tez etdiyi asmalar 66-cı dəqiqədə bəhrəsini verdi. Müdafiədə uğursuz mövqe seçimləri Əmir Ağayevin fərqlənməsinə səbəb oldu. Bu qolla ümidlənən Ayxan Abbasov cinahları daha hərəkətli hala gətirmək üçün Elgün Nəbiyevi "döyüşə" atdı. Bu əvəzləmə ilə həm solda oynayan Elgün, həm də sağa çəkilən Süleyman Əhmədov bek/vinger funksiyasını yerinə yetirməli idi. "Kimyaçılar"ın nə bu əvəzləməsi, nə də axıra yaxın dördlü müdafiəyə keçməsi nəticə verdi. Qarşılaşmanın son dəqiqələrində sürət artsa da, tablodakı rəqəmlər dəyişmədi.
Beləliklə, "Keşlə" minimalhesablı qələbə qazanaraq, 4-cü pillədəki komanda ilə arasındakı xal fərqini artırdı və 2-ci yerə yüksəldi.

 

Ruslan SADIQOV

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest