"AVRO-2020-yə dünyanın gözünün üzərimizdə olacağı oyunla başlayacağıq. Andorra ilə görüş bitdiyi andan etibarən planlarımızı davam etdiririk. Yoxlama görüşlərindəki rəqiblər, toplanış keçəcəyimiz yerlər bəllidi". Matc.az saytının məlumatına görə, bunu Türkiyə millisinin baş məşqçisi Şenol Günəş deyib.

TRT Spor kanalının qonağı olan təcrübəli mütəxəssis gələn ilin yayında keçiriləcək Avropa çempionatına hazırlıqdan bəhs edib. Günəş heyətdə ciddi dəyişiklik olmayacağını bildirib: "Turnirə gedəcək heyəti itirməyəcəyik. üzərinə bəzi əlavələr oluna bilər. Yoldaşlıq görüşlərində tam formaya düşməyə çalışacağıq. Seçmə mərhələdəki çıxışımıza nəzər yetirdiyim zaman AVRO-2020-də də uğurlu çıxış edəcəyimizi düşünürəm".

Baş məşqçi qrupda iki matçın Bakıya düşməsinin onlar üçün sevindirici olduğunu növbəti dəfə vurğulayıb: "Oyunlarımız Azərbaycana düşdüyü üçün çox xoşbəxtəm. Bundan yaxşısı ola bilməzdi. Demək olar ki, öz meydanımızda oynayacağıq. Azarkeş baxımından yox, səfər baxımından problem yaşaya bilərik. İki oyun arasındakı müddəti 3 gündən 4 günə çəkməli idilər. Ən azı futbolçuların zədələnməməsi üçün. Buna qədər isə mayın 26-da Azərbaycanla, iyunun 1-də Xorvatiya ilə, 4-də isə İrlandiya ilə yoldaşlıq görüşü keçirəcəyik".

Qeyd edək ki, Türkiyə millisi A qrupunda İtaliya, Uels və İsveçrə ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest