Derlis Meza Kollinin "Keşlə"yə keçidi alınmayacaq. Bakı klubu paraqvaylı dayaq yarımmüdafiəçisini gətirmək üçün xeyli səy göstərsə də, arzusuna çatmadı.

Bakılıların baş məşqçisi Yunis Hüseynov da açıqlamasında keçidin mümkün olmadığını dilə gətirib. O, konkret səbəb göstərməsə də, bu dəftərin ən azı yayadək bağlandığını bildirdi. Beləliklə, "Keşlə"nin lideri Sezar Meza Kolli mövsümü qardaşının köməyi olmadan başa vurmalıdı. Onun rəhbərlikdən tələb etdiyi bu transfer yüksək məbləğ üzündən ertələndi.

Bizdə olan bilgiyə görə, Derlis bakılılardan yüksək maaş istəyib. Rumınlarla əla şərtləri olan müqaviləsi davam edən paraqvaylı yalnız eyni şərtlər təmin edildiyi halda ölkəmizə gələ biləcəyini söyləyib. İndiyədək 40-a yaxın futbolçuyla müqavilə bağlayan, yanlış oyunçu seçimləri üzündən yayda gətirilənlərdən 7-si ilə erkən vidalaşan paytaxt klubu onlara verilən kompensasiyalar üzündən büdcəni boşaldıb. Bu səbəbdən Derlisin gəlməsi üçün yüksək ödənişli futbolçulardan kimlərsə göndərilməlidi.

Dmitro Klotsu yola salan "Keşlə" indi Con Kamaranı getməsi üçün dilə tutur. Aylıq 10 min dollar maaş alan legioner isə müqaviləni qarşılıqlı razılıqla pozmaq niyyətində deyil. O, anlaşmada nəzərdə tutulan məbləği tam alacağı halda gedə biləcəyini söyləyib. Bu səbəbdən Kamaranı heyətdən kənarlaşdırmaq mümkünsüzləşib. Belədə eyni mövqe üçün nəzərdə tutulan Derlis Meza Kollinin transferi reallaşmır.

Paraqvaylı "Futbolinfo"ya açıqlamasında "Keşlə"nin onunla maraqlandığını təsdiqləyib: "Keşlə"dən həqiqətən mənə maraq var idi. Lakin bu transfer alınmayacaq. Hazırda müqaviləm var və mövsümün sonunda nə olacağını birlikdə görəcəyik. Bu vəziyyətdə "Keşlə"yə keçəcəyim inandırıcı deyil".

Xatırladaq ki, 33 yaşlı (!) Derlis əvvəllər də ölkəmizdə oynayıb. O, "İnter", "Qəbələ" və "Neftçi"də çıxış edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest