Türkiyə millisinin baş məşqçisi Vinçenso Montella komandanın son oyunlardakı top itkilərinin sayını azaltmaq üçün yeni taktiki həllər axtarır.

Matc.az xəbər verir ki, bu barədə "Sporx" portalı məlumat yayıb.

Bildirilir ki, italyan mütəxəssis xüsusilə hücuma keçid və orta xətt oyunçularının sadə ötürmə səhvlərindən narahatdır. Vinçenso Montella bu problemi aradan qaldırmaq üçün məşqlərdə topa sahib olma və qısa ötürmə çalışmalarına daha çox vaxt ayırmağa başlayıb.

Baş məşqçi futbolçulardan meydanda daha diqqətli olmağı və rəqib təzyiqi altında qərar vermə sürətini artırmağı tələb edib. Məlumata görə, komandanın texniki heyəti son matçların videoanalizini apararaq, top itkilərinin ən çox hansı zonalarda baş verdiyini müəyyənləşdirib.

"Ay-ulduzlular" UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sabah Belçika ilə səfərdə qarşılaşacaq. Liqa A-nın I qrupunda mübarizə aparan Türkiyə yığması turnirə olduqca uğursuz start verib. Türklər ilk oyunlarında evdə Fransaya minimal hesabla (0:1), ardınca isə İtaliyaya böyük hesabla (1:4) uduzublar.

Keçirilən iki turdan sonra aktivində xal olmayan Montellanın komandası qrupda sonuncu sırada qərarlaşıb. Qrupa 6 xalla Fransa liderlik edir, Belçika və İtaliya isə hərəyə 3 xalla növbəti yerləri bölüşdürürlər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest