Türkiyə Futbol Federasiyasının prezidenti Nihat özdemir bu gün Moldova yığmasına qarşı keçirlmiş yoxlama oyununu şərh edib. Matc.az xəbər verir ki, federasiya rəhbəri Türkiyə millisinin 2:0 hesablı qələbəsindən razılığını ifadə edib, eləcə də qarşıdakı Aç-2020 ilə bağlı hədəflərini açıqlayıb:
 
"Bu gün Aç-2020-yə hazırlıq çərçivəsində son sınaq matçımızı keçirdik. Gözəl matç oldu. Komandamız ilk dəqiqələrdən sona kimi oyunda diqtə edən tərəf idi. İki cavabsız qolla qalib gəldik. Başda Şenol Günəş olmaqla bütün komandanı, futbolçularımızı təbrik edirəm.
 
Hazırlıq matçlarımız bitsə də, toplanışımız hələ daha bir həftə davam edəcək. Sonra İtaliyaya gedəcəyik. İyunun 11-də Romada Avropa çempionatının açılış matçında İtaliya yığmasıyla qarşılaşacağıq. Təbii ki, ümidliyik. Milli komandamızın orada yaxşı bir nəticə qazanmasını və Bakıda bu uğurun davamını gətirməsini istəyirik. çünki orada da Uels və İsveçrə ilə matçlarımız var. Əsas hədəfimiz qrupdan çıxmaqdır. Allah nəsib edərsə, futbol şansı da futbolçularımızın yanında olarsa, inşallah, bu qrupdan çıxacağıq.
 
İtaliya ilə oyunu bütün dünya izləyəcək. Futbolçularımız artıq o matçın həyəcanını yaşayır. özlərini bu matçda göstərəklərinə ümidliyik. Amma hətta Romada uduzsaq belə, qarşıda daha iki oyunumuz, alınacaq 6 xalımız olacaq.
 
Təəssüf ki, İtaliyaya azarkeş aparmaqda çətinlik çəkirik. Burada həm viza ilə bağlı problemlər var, həm də bizə ayrılan yer azdır. Amma Bakıda elə olmayacaq. Bütün türkiyəli azarkeşləri, eləcə də qardaşımız olan azərbaycanlıları bu oyunlarda millimizə dəstək olmağa səsləyirəm. Onları bu matçlarda gözləyirik, milli komandamızı dəstəkləmələrini istəyirik. Belə də olacağına inanıram. çünki biz həmişə "tək millət, iki dövlət" deyirik. Bizim üçün İstanbulda, Ankarada oynamaqla Bakıda oynamaq arasında bir fərq olmayacaq. Orada azarkeşlərlə bağlı heç bir sıxıntı yaşamayacağımıza görə, komandamız yaxşı nəticələr qazana biləcək".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest