Azərbaycan Premyer Liqasında mövsüm sona yaxınlaşdıqca mübarizə gərginləşir. Sabah start götürəcək XXXI turun ilk görüşündə avrokuboklara iddia edən komandalar üz-üzə gələcək.

Turun açılış oyunu bu səbəbdən xüsusi maraq doğurur. “Turan Tovuz” - “Sumqayıt” qarşılaşması həm də oyun ətrafında gəzən xoşagəlməz söz-söhbətlərə görə diqqət mərkəzindədi. 

Qonaqların Tovuzdan sərfəli nəticə ilə dönəcəyi bildirilir. İddiaya görə, matça təyinat alacaq hakimin vəzifələrindən biri tovuzluların qol vurmasına mane olmaqdı.

Bu cür fikirlərin futbol gündəmini zəbt etməsi heç də təsadüf deyil. Mövsümün əvvəlki görüşlərinə nəzərə yetirsək, “Sumqayıt”ın hansı yollarla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşdığını görərik. Bunun üçün çox uzağa getməyə, bütün mövsümü əhatə etməyə ehtiyac yoxdu.

Təkcə qış fasiləsindən sonra “Gənclik şəhəri” təmsilçisinə olan hakim köməkliyini xatırlasaq kifayətdi. 

2024-cü ildə “Sumqayıt”ın ən azı 7 oyununda referilər bu komandaya  dayaq olub - onlara iki oyunda qələbə, bir matçda isə heç-heçəni hədiyyə edib. Qış fasiləsindən sonra “Sumqayıt” ən azı 7 xalı hakimlərin sayəsində qazanıb.

"Kimyaçılar"ın bəzi qarşılaşmalarını yada salaq:

XIX tur:
“Qəbələ”–“Sumqayıt” - 0:1

72-ci dəqiqədə standart vəziyyətdən ötürmə zamanı iki oyunçu arasında yaşanan adi epizodda “Sumqayıt”ın oyunçusu özünü yerə atır, baş hakim Kamal Umudlu VAR-a getdikdən sonra penalti təyin edir. Təkrara baxdıqda kobudluq edilmədiyini sezmək mümkündü. Nəticədə qonaqlar penalti qolu sayəsində qələbə qazanır.

XX tur:
“Araz-Naxçıvan”–“Sumqayıt” - 1:1 

52-ci dəqiqədə Kamran Əliyev rəqibin ayağına açıq ayaqla kobud şəkildə girir. Əliyar Ağayev VAR-a baxsa da, sarı vərəqə ilə kifayətlənir. Ancaq bunun qırmızı vərəqəlik hərəkət olduğunu görmək üçün FİFA referisi olmağa ehtiyac yoxdu.

XXIII tur: 
“Sumqayıt”–“Turan Tovuz” - 0:0 

90+5-ci dəqiqədə “Turan Tovuz” sürətli əks-hücum qurur, rəqibi azlıqda yaxalayır. Ancaq komanda mərkəzi keçən kimi Rauf Cabarov matçı bitirir. Bu da qonaqların haqlı narazılığına səbəb olur. Referi hücumun yekunlaşmasına imkan versəydi, bəlkə də, tovuzlular qələbə qazanacaqdı.

XXVI tur: 
“Səbail”–“Sumqayıt” - 0:1

72-ci dəqiqədə “Səbail”in oyunçusu Madi Queta hesabı bərabərləşdirsə də, baş hakim Tural Qurbanov mübahisəyə açıq epizodda ofsayd qeydə alır. 

XXXVIII tur: 
“Sumqayıt”–“Araz-Naxçıvan” - 1:0 

Baş hakim Kamranbəy Rəhimov 5-ci dəqiqədə “Araz-Naxçıvan”ın qapısına olmayan penalti təyin edir və “Sumqayıt” həmin qolla qalib gəlir.

XXIX tur: 
“Neftçi”–“Sumqayıt” 1:1

Cərimə meydanı daxilində müdafiəçi Filip Ozobiçin ayağına vursa da, Elçin Məsiyevin fiti susur. 84-cü dəqiqədə Andre Şinyaşikinin təmiz qolu hesaba alınmır. 90+5-ci dəqiqədə isə Reziuan Mirzov aşkar şəkildə kobudluqla dayandırılır və referi yenə penalti göstərmir. Nəticədə “Neftçi”nin 2 xalı əlindən alınır.

XXX tur: 
“Sumqayıt”–“Zirə” - 0:0

Ruan Renatonun sinəsinə dəyən topa görə referi Tural Qurbanovu VAR-a baxmağa dəvət edirlər. Topun müdafiəçinin əlinə dəymədiyi aşkar görünür. Ancaq hakim yalnız epizodu bir neçə dəqiqə incələdikdən sonra penalti olmadığı qərarını vermək məcburiyyətində qalır.

İndi “Turan Tovuz” doğma azarkeşləri önündə təkcə rəqibdən yox, hakimlər briqadasından da ehtiyat etməlidi. Əks təqdirdə, hakimlər briqadası komandanın birillik əziyyətini yerə vura bilər.

Komandalar cari mövsüm 3 dəfə qarşılaşıb və hər üçü bərabərliklə yekunlaşıb - 0:0, 2:2, 0:0. 

Qeyd edək ki, sabah Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşma saat 16:30-da başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest