“Qarabağ”ın sabiq futbolçusu Əfran İsmayılovun matc.az saytına müsahibəsi

- “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində növbəti oyununu bu gün səfərdə “Budo-Qlimt”ə qarşı keçirəcək. Norveçdəki matçdan hansı nəticəni gözləyirsiniz? Sabiq komandanız Liqa mərhələsindəki uğursuz oyunlar seriyasına son qoya biləcək?

- “Qarabağ” üçün çox ağır, çətin səfərdi. Belə baxanda, bütün səfərlər çətin olur. Amma budəfəki səfər seçilir. Çünki “Budo-Qlimt” hazırda həm Norveç çempionatında, həm də Avropa Liqasında ən yaxşı formada olan komandalardan biridi. Onların bəzi görüşlərini izləmişəm, həqiqətən də, keyfiyyətli komandadı. Həm atlektik futbola, həm də topla oynamağa üstünlük verirlər. Çox səviyyəli rəqibdi. “Qarabağ”ı çətin oyun gözləyir. Təmsilçimizin Liqa mərhələsindəki uğursuz matçlar seriyasına son qoyub-qoymayacağını deyə bilmərəm, amma son qoymalıdı. “Qarabağ” pley-offa getmək istəyirsə, mütləq xallar qazanmalıdı. Bugünkü görüş böyük önəm kəsb edir. Pley-offa çıxmaq üçün “Budo-Qlimt”lə matçdan başlayaraq qələbələr qazanmaq lazımdı. Real danışsaq, fikrimcə, Norveç səfərində 1 xal da bizim üçün uğurlu nəticə sayıla bilər.

- Sizcə, “Qarabağ” bu gün uğur qazanmaq üçün necə oynamalıdı?

- “Qarabağ” öz oyun dəst-xəttindən çıxmamalıdı. Çalışmalıdı ki, onların oyun dəst-xəttinə düşməsin, əksinə, rəqibi buna məcbur etsin. Təmsilçimiz topa daha çox nəzarət etməlidi. Qol şanslarımız olacaq. Həmişə demişəm ki, futbolda ən önəmli şeylərdən biri qol imkanlarından maksimum istifadə etməkdi. Əvvəlki matçlarda “Qarabağ”ın nə qədər qol şansları olub, amma istifadə edə bilməyiblər. Fürsətləri qola çevirə bilsələr, inanıram ki, xal və xallar qazana bilərlər.

- Uzun illər “Qarabağ”ın sağ cinahında çıxış etmisiniz. Vaxtilə sizin oynadığınız mövqedə hazırda hansı futbolçu çıxış edəndə komanda daha effektiv olur?

- Hazırda “Qarabağ”ın bu mövqeyində Leandro Andrade daha keyfiyyətli oynayır. Çox yaxşı futbolçudu. Amma hazırda “Qarabağ” çətin dönəmdən keçir. Bu dönəmi geridə qoymaq, əhval-ruhiyyəni düzəltmək üçün xallar qazanmaq lazımdı. İnanıram ki, uğurlu seriyalarına bu oyundan başlayarlar və pley-offa yüksələrlər.

- Bəziləri “Qarabağ”ın uğursuz çıxışının səbəbi kimi yeni formatı da göstərir. Bununla razısınız?

- İnanmıram ki, yeni format “Qarabağ” üçün bəhanə olsun. Bu format hamı üçün yenidi. Düzdü, artıq hər komanda ilə bir dəfə qarşılaşırsan. Əsas komandanın istəkli olmasıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest