26 May 2019, 20:10
TOP OYUNLARI
Qadın voleybolçular arasında təşkil edilən Qızıl Avropa Liqası turniri start götürüb. Matc.az saytı xəbər verir ki, Belarus, İspaniya və Finlandiya ilə birlikdə C qrupunda yer alan Azərbaycan yığması bu gün ilk oyununa çıxıb.
İtaliyalı Covanni Kapraranın çalışdırdığı komandamız Minskdə Belarus millisinin qonağı olub. Qarşılaşma ev sahiblərinin qələbəsi ilə yekunlaşıb. Yığmamız italiyalı baş məşqçinin rəhbərliyi altında ilk rəsmi görüşündə 2:3 hesabı ilə uduzub. Komandamız 2 dəfə hesabda geri düşdükdən sonra status-kvonu bərpa etsə də, tay-brekdə rəqib daha səhvsiz oynayıb. Belaruslular təcrübə hesabına ilk turu qalib kimi bitiriblər. Nəticədə ev sahibləri 2, millimiz 1 xal qazanıb.
Qeyd edək ki, növbəti oyununu 3 gün sonra Bakıda keçirəcək komandamız Voleybol Mərkəzində İspaniyanı qəbul edəcək.
Qızıl Avropa Liqası
26 may
Belarus – Azərbaycan - 3:2 (25:13, 21:25, 25:10, 26:28, 19:17)
Hakimlər: Olqa Zakarova (Rusiya), Aleksandr Sudjyev (Belarus)
Minsk, "çijovka Arena"