"İordaniya ilə yoldaşlıq görüşündə baş məşqçi digər oyunçularına şans verdi. Qalanları isə Azərbaycanla oyun üçün güclərini qorudular". Matc.az saytı xəbər verir ki, bunu Slovakiya yığmasının müdafiəçisi Milan Şkriniar deyib.

"İnter"in futbolçusu AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə bu gün keçiriləcək oyun barədə fikirlərini bildirib. 24 yaşlı mərkəz müdafiəçisi havanın gözlədikləri kimi, pis keçmədiyini vurğulayıb: "Burda havanın daha isti olmasını gözləyir və işimizin çətin olacağını düşünürdük. İki gün əvvəl gəlməyimizin səbəbi də buna uyğunlaşmaq idi. Düzdü, gündüzlər çox istidi, amma axşam saatlarında, yəni oyun vaxtı hava xoş olur. Məncə, bu baxımdan heç bir problem yoxdu. Hesab edirəm ki, havanın daha isti olduğu ölkədə oynadığımız zaman iki gün əvvəldən ora getmək yaxşıdı".

Şkriniar yığmamızı təhlil etdiklərini və onları çətin mübarizənin gözlədiyini söyləyib: "Azərbaycan millisinin bir neçə oyununu izləmişik. Bizi sərt və çətin rəqibin gözlədiyini bilirik. Xorvatiya ilə matçda hesabı Azərbaycan açmışdı və xorvatlar çətin qələbə qazanmışdılar. Macarıstan isə standart vəziyyətlər hesabına qalib gəldi. Bu üzdən asan oyun olmayacaq. İstənilən halda Bakıda uğurlu çıxış edəcəyimizə və xallar alacağımıza inanırıq. çünki bu, bizim üçün çox vacibdi. Bunun üçün də öz oyunumuzu sərgiləməli, topu nəzarətimiz altında saxlamalıyıq. Xüsusən də, erkən qol vurmağa çalışmalıyıq. Qol gecikdikcə rəqib daha sıx qapanacaq və bu, işimizi çətinləşəcək".

Ulduz futbolçu Bakı haqda təəssüratlarını da bölüşüb: "İlk dəfədi Bakıdayam. Dünən səhər saatlarında şəhərin bir hissəsini gəzmək imkanımız oldu. Həqiqətən də, çox gözəl şəhərdi. Bunu gözləmirdim. Qələbə qazandığımız zaman Bakı daha da gözəlləşəcək".

Qeyd edək ki, Azərbaycan - Slovakiya görüşü bu gün "Bakcell Arena"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest