"Robert Vittek kimi futbolçunun rekordunu yeniləmək mənim üçün fəxrdi. O, yığmada gözəl illər keçirib". Matc.az saytı xəbər verir ki, bu sözləri Slovakiya yığmasının kapitanı Marek Hamşik deyib.

Ulduz futbolçu yerli mətbuata açıqlamasında AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanla keçirilən səfər qarşılaşmasını dəyərləndirib. "Bakcell Arena"dakı görüşdə dubl müəllifi olan 32 yaşlı oyunçu qolların sayını 24-ə çatdırıb və yığmasının ən yaxşı bombardiri Robert Vittekin rekordunu yeniləyib.

Hamşik layiqli qələbə qazandıqlarını söyləyib: "İlk dəqiqələrdən tempi biz müəyyənləşdirdik və layiqli qələbə qazandıq. Uğurlu başlanğıc oldu, erkən qol vurduq, ikinci hissədə isə ümumi nəticəni təyin etdik. çempionatlar başa çatdığı üçün iyun ayında oyun keçirmək hər zaman çətin olur. Başımızda olanları meydanda həyata keçirməyi bacardıq. İndi tətilə getmək və istirahət etmək zamanıdı. Bizi payızda çətin seçmə mərhələ oyunları gözləyir. Mən artıq həmin günləri səbirsizliklə gözləyirəm".

Qeyd edək ki, Azərbaycan - Slovakiya oyunu qonaqların 5:1 hesablı qələbəsi ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest