Azərbaycan futbolunda o qədər maraqlı proseslər baş verir ki, münasibət bildirməsən olmur. Elgiz Kərəmli ilə bağlı yaşanan son hadisələr, Cəlil Məmmədquluzadənin ölməz “Ölülər” əsərindəki məşhur yığıncaqları xatırladır. Görünür, Şeyx Nəsrullahlar heç vaxt meydandan çəkilmir, sadəcə, dövrə uyğun qiyafələrini və rollarını dəyişirlər.

Elgiz Kərəmlini şəxsən tanımıram, lakin onun “Şəfa”nı I Liqada çempion edərək elitaya çıxarması, futbol dilində desək, “ölünü diriltmək” kimi qeyri-adi bir uğur idi. Lakin komanda hədəfə çatan kimi, Elgiz bəyin başının üstündə “qara buludlar” görünməyə başladı.

Dünənə qədər “Araz-Naxçıvan”da məşqçi kimi çalışan Əfran İsmayılovun qəflətən, hansı təcrübəyə əsasən vitse-prezident postunda “zühur etməsi” isə hələ də cavabı axtarılan suallardan biridi. Maraqlı paradoks ondadı ki, məşqçi olan bir şəxs, sanki sehrli çubuqla “təcrübəli klub idarəçisi”nə çevrilir. İsmayılovun bu posta gətirilməsindəki kriteriyalar, onun hansı “menecment möcüzəsi” göstərdiyi ictimaiyyət üçün qaranlıq qalır. Kərəmliyə isə “təcrübəsizlik” damğası vurularaq, komandadan uzaqlaşdırılması qərarı verilir.

Kərəmlinin gedişindən dərhal sonra isə yerinə Zaur Həşimovun təyinatı diqqət çəkir. Hansı ki, onun da təcrübə baxımından sələfindən üstün olduğunu söyləmək çox çətindi. Necə deyərlər, zəhməti çəkən başqası, səfasıni sürən başqası...

Azərbaycan futbolu böyük camiə deyil; stajlı media əhli burada kimin kimlə oturub-durduğunu, kimin kimə/nəyə xidmət etdiyini, hansı oyunların oynandığını çox yaxşı bilir. Əsl işi görənə “təcrübəsiz” deyib yola salmaq, karyerası və uğuru olmayanlara isə “dahi” statusu vermək, artıq adi hala çevrilib.

Görünən odu ki, burada peşəkarlıqdan çox, “suyu eyni qaydada içən” qrupların maraqları ön plandadı.

“Şəfa”nın sosial şəbəkə hesabında Zaur Həşimovun açıqlaması paylaşılıb və azarkeşlərin reaksiyası birmənalı olaraq mənfidi. Sənan Mamedov adlı izləyicinin yazdığı şərh vəziyyəti çox dəqiq xülasə edir: “Əvvəlki məşqçi əziyyət çəkib komandanı elitaya çıxardı. Heç olmasa, verilən sözə xatir ona yarım mövsüm şans verilməli idi. Zaurun hansı təcrübəsi var? Əfranın gəlişi ilə komandanın gələcəyi böyük risk altındadı”.

İndi futbol ictimaiyyətinin gözü “Şəfa”dadı. Görək, “Şeyx Nəsrullahlar”ın idarə etdiyi bu meydanda, həqiqətənmi “ölülər” diriləcək, yoxsa bu yanaşma canlıların da məhvinə səbəb olacaq?

SAMIR

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest