Meksikanın "Tigres" klubunun tanınmış hücumçusu Anxel Korrea "River Pleyt"in futbolçusu olub.
Matc.az xəbər verir ki, bu barədə Argentina klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, müqavilə üç il yarım müddətinə – 2029-cu ilin dekabr ayının sonuna qədər nəzərdə tutulub. Transfer məbləği rəsmi olaraq açıqlanmasa da, söhbət 13,2 milyon avrodan gedir.
Korrea ötən ilin yayından bəri "Tigres"in heyətində çıxış edirdi. O, bu müddət ərzində bütün turnirlərdə 54 matça çıxıb, 23 qol vurub və 14 məhsuldar ötürmə müəllifi olub. 31 yaşlı Korrea daha çox 2015-ci ilin yayından şərəfini qoruduğu Madrid "Atletiko"sundakı çıxışları ilə tanınır.
Hücumçu Argentina millisinin heyətində 28 oyunda meydana çıxaraq rəqib qapılarına 3 yol tapıb və yığma ilə 2022-ci ildə dünya çempionatının qalibi olub. O, futbol karyerasına ölkəsinin "San-Lorenso" klubunda başlayıb.













