Sabah Azərbaycan Premyer Liqasında IV turun oyunlarına start veriləcək.
Matc.az xəbər verir ki, növbəti tura sentyabrın 4-də, cümə günü keçiriləcək iki qarşılaşma ilə start veriləcək.
Açılış matçında "Qəbələ" doğma meydanda "İmişli"ni qəbul edəcək və bu oyun saat 18:00-da başlayacaq. Günün digər qarşılaşmasında isə saat 20:15-də Gəncə şəhər stadionunda "Kəpəz" və "Şamaxı" komandaları üz-üzə gələcək.
Sentyabrın 5-də, şənbə günü daha iki prinsipial oyun baş tutacaq. Əvvəlcə saat 18:30-da "Bank Respublika Arena"da "Sabah" "Zirə"ni sınağa çəkəcək. Ardınca, saat 20:30-da "Palms Sports Arena"da "Neftçi" "Şəfa" kollektivini qəbul edəcək.
Tura sentyabrın 6-da, bazar günü keçiriləcək son iki matçla yekun vurulacaq. Saat 18:00-da Tovuz şəhər stadionunda "Turan Tovuz" "Sumqayıt"la qarşılaşacaq. IV turun son oyununda isə saat 20:15-də "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Araz-Naxçıvan"ı qəbul edəcək.












