İspaniya "Deportivo"sunun tanınmış hücumçusu Pyer-Emerik Obameyanq Qabon millisindəki karyerasını başa vurduğunu elan edib.
Matc.az xəbər verir ki, bu barədə "beIN Sports" idman nəşri məlumat yayıb.
Bildirilir ki, karyeranı bitirməyə səbəb Afrika Millətlər Kuboku-2025 zamanı və turnirdən sonra yığmada yaşanan qalmaqaldır. Qabon millisi turnirdə uğursuz çıxış edərək qrupdan çıxa bilməyib.
Bu hadisə ölkə rəhbərliyini qəzəbləndirib və onlar məşqçilər heyətini istefaya göndərərək millinin fəaliyyətini dayandırıblar. Komandanın iki lideri – Obameyanq və Bruno Ekuele Manqa nümayişkaranə şəkildə heyətdən kənarlaşdırılıb.
Sonradan Obameyanqın milliyə qayıtmasına icazə verilsə də, o, həmin qalmaqaldan sonra bir dəfə də olsun yığmanın heyətində meydana çıxmayıb. İndi isə 37 yaşlı veteran futbolçu milliyə bir daha qayıtmayacağını bəyan edib:
"Afrika Kubokunda zədəli oynamağıma baxmayaraq, məni alçaltdılar və ləkələdilər", – deyə Obameyanq bildirib.
Hücumçu 2009-cu ildən Qabon millisində çıxış edib, ümumilikdə keçirdiyi 83 oyunda 40 qol vurub və 10 məhsuldar ötürmə edib.
Xatırladaq ki, Obameyanq cari ilin yayında azad agent kimi "Deportivo"ya keçib.












