Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo milli komandanın düşərgəsini özbaşına tərk etdiyi üçün cəzalana bilər.

Matc.az xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb.

Bildirilir ki, yerli futbol federasiyasının intizam reqlamentinə əsasən, üzrlü səbəb olmadan yığmanın düşərgəsini tərk edən, məşqə, oyuna və ya digər tədbirə qatılmayan futbolçu diskvalifikasiya ilə cəzalandırılır. Qaydalara görə, uzaqlaşdırma cəzası 1 aydan 6 aya qədər müddəti əhatə edə bilər.

Həmçinin bu cür hallarda futbolçulara pul cəriməsi də tətbiq olunur. Bu cərimənin məbləği 500-dən 1000 avroya qədərdir.

Qeyd edək ki, Ronaldo Kopenhagendə Danimarka ilə qarşılaşmaya hazırlaşan Portuqaliya millisinin düşərgəsini vaxtından əvvəl və özbaşına tərk edib. Buna baş məşqçi Jorje Jezuş ilə yaşanan münaqişə səbəb olub.

Mütəxəssis oyundan əvvəl təşkil olunan mətbuat konfransında Kriştianonun start heyətində meydana çıxmayacağını açıqlayıb. O, bu barədə futbolçu ilə öncədən razılaşdıqlarını iddia edib.

Ötən görüşdə isə ulduz futbolçu sifariş vərəqəsində yer alsa da, son 18 ildə ilk dəfə millinin heyətində meydana çıxmayıb. Hələ o vaxt məşqçinin ona sonradan oyuna daxil olacağı ilə bağlı söz verdiyi, lakin vədinə əməl etmədiyi üçün Ronaldonun bu qərardan olduqca narazı qaldığı barədə məlumatlar yayılmışdı.

Kriştiano komandanın düşərgəsini tərk etdikdən sonra nə vaxtsa realda nələrin baş verdiyini mütləq danışacağını bəyan edib. Son məlumata görə, beşqat "Qızıl top" sahibi artıq beynəlxalq karyerasını başa vurmaq qərarına gəlib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest