“Kəpəz” PFK-da 8 Noyabr – Zəfər Günü münasibətilə Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil olunub. Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə “Kəpəz” PFK İB-nin İdarə Heyətinin sədri Anar Abdullayev, İdarə Heyətinin üzvü Umud Tarverdiyev, klubun Futbol Akademiyasının U-13 komandasının baş məşqçisi, Vətən müharibəsi iştirakçısı Talıb Rzayev, azarkeşlərlə əlaqələndirici Nəimi Mustafayev, həmçinin klubun fanatları Kərim Quliyev və Nəriman Əliyev iştirak ediblər.
Görüşdə çıxış edən Anar Abdullayev Vətən müharibəsi iştirakçılarına Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdikləri qəhrəmanlığa görə minnətdarlığını bildirib. O, 44 günlük müharibədə qazanılan tarixi Zəfərin xalqın birliyinin, iradəsinin və Vətənə bağlılığının təcəssümü olduğunu vurğulayıb.
Talıb Rzayev də klub rəhbərliyinə göstərilən diqqətə görə təşəkkür edib. Müharibə xatirələrini bölüşən baş məşqçi hazırda akademiyada yetişdirdikləri uşaqlara yalnız futbolun sirlərini deyil, Vətənə bağlılıq və vətənpərvərlik dəyərlərini də aşıladıqlarını söyləyib.
Nəimi Mustafayev isə Zəfər Gününün Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olduğunu qeyd edib. O, şəhidlərin və qazilərin xatirəsinin yaşadılmasının, onların daim diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb.
Sonda Anar Abdullayev Vətən müharibəsi iştirakçılarına hədiyyələr təqdim edib. Görüş xatirə fotosunun çəkilməsi ilə başa çatıb.













