Noyabrın 11-13-də Çexiyanın paytaxtı Praqada Peşəkar Futbol Liqasının (PFL) tamhüquqlu üzvü olduğu Dünya Liqaları Assosiasiyasının illik konfransı keçirilib.
 
Bu ilki tədbir Assosiasiyanın yaradılmasının 10 illik yubileyi ilə də əlamətdar olub. Üç gün davam edən konfransda dünyanın müxtəlif qitələrindən 50-dən çox futbol liqasının nümayəndəsi iştirak edib.
 
Matc.az xəbər verir ki, Azərbaycanı tədbirdə PFL-in prezidenti Elxan Səmədov və qurumun texniki-idman direktoru Elgiz Abbasov təmsil ediblər.
 
Konfrans çərçivəsində futbol sənayesinin aktual məsələləri müzakirə olunub, PFL də Assosiasiyanın tamhüquqlu üzvü kimi qəbul edilən qərarların müzakirəsində və səsvermə prosesində iştirak edib. Həmçinin İtaliya A Seriyasının icraçı direktoru Luici De Siervo növbəti dörd il müddətinə Dünya Liqaları Assosiasiyasının prezidenti seçilib.
 
Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti müxtəlif liqaların təmsilçiləri ilə görüşlər keçirərək gələcək əməkdaşlıq imkanlarını müzakirə edib. Konfransın sonunda PFL adından Dünya Liqaları Assosiasiyasının baş katibi Jerom Perlemuterə xatirə hədiyyəsi təqdim olunub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest