13 Noyabr 2026, 12:39
FUTBOL
“Qalatasaray”ın və Argentina millisinin sabiq hücumçusu Mauro İkardi 11 yaşlı qızına yüngül bədən xəsarəti yetirməkdə ittiham olunur. Matc.az saytının “infobae” nəşrinə istinadən məlumatına görə, hadisə Buenos-Ayresin ətrafında yerləşən “La Isla” qapalı yaşayış kompleksində baş verib.
İddialara əsasən, qız anasına mesaj göndərərək kömək istəyib. Bundan sonra ana hüquq-mühafizə orqanlarına müraciət edib.
Hadisə yerinə gələn polis əməkdaşları futbolçunun keçmiş həyat yoldaşı Vanda Nara ilə söhbət ediblər. Nara bildirib ki, İkardi qızlarını danlayıb. Azyaşlı daha sonra evdən təkbaşına çıxaraq anasının yanına gedib və onun himayəsinə verilib.
Gender əsaslı zorakılıqla mübarizə üzrə prokurorluğun nümayəndəsi Xulio Petruççi hadisə ilə bağlı araşdırmaya başlayıb. O, azyaşlının məhkəmə-tibbi ekspertizadan keçirilməsi barədə göstəriş verib. Həmçinin İkardiyə barəsində araşdırma aparıldığı bildirilib.
Futbolçu vəkilləri ilə birlikdə prokurorluğa gedərək ifadə verib.
Qeyd edək ki, hadisə ilə bağlı araşdırma davam edir. İkardinin təqsiri məhkəmə tərəfindən təsdiqlənməyib.













