12 Noyabr 2026, 22:54
TOP OYUNLARI
"Oyunun əvvəlində istədiyimiz kimi mübarizə apardıq, həm müdafiədə, həm də hücumda yaxşı təsir bağışladıq. Lakin Bakari cəza limitinə yaxınlaşdığı üçün rotasiyaya əl atmalı olduq"
“Gəncə” basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, C qrupunun VI turu çərçivəsində Azərbaycan təmsilçisi doğma meydanda Türkiyənin “Esenler Erokspor” klubunu qəbul edib.
Gəncə İdman Sarayında təşkil olunan qarşılaşma qonaqların 97:66 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Türkiyə təmsilçisi rəqibini 31 xal fərqi ilə məğlub edib. Görüşün hissələri müvafiq olaraq 18:19, 11:36, 19:23 və 18:19 hesabları ilə yekunlaşıb.
Matçdan sonra “Gəncə”nin baş məşqçisi Murad Dikmen qarşılaşma ilə bağlı fikirlərini bölüşüb. O, komandanın heyətindəki itkilərin və məhdud rotasiyanın nəticəyə təsir etdiyini bildirib:
“İlk növbədə rəqibimizi təbrik edirəm. Onlar turnirin qalibi olmağa əsas namizədlərdəndirlər. Bu gün “Esenler Erokspor”a qarşı oynamaq bizim üçün vacib idi. Təəssüf ki, komandaya gəldiyim gündən etibarən cəmi 7 basketbolçunun rotasiyası ilə çıxış edirik. Heyətimizdə 5 legioner və 2 yerli oyunçu var. Hətta mən yeni gələndə zədələr səbəbindən bu say 4-ə enmişdi. Bu amil işimizi çətinləşdirir. Çünki həm Avropa yarışlarında iştirak edirik, həm də tez-tez səfərə çıxırıq. Nəticədə yorğunluq yaranır.
Oyunun əvvəlində istədiyimiz kimi mübarizə apardıq, həm müdafiədə, həm də hücumda yaxşı təsir bağışladıq. Lakin Bakari cəza limitinə yaxınlaşdığı üçün rotasiyaya əl atmalı olduq. İkinci periodda oyuna nəzarəti, demək olar ki, itirdik. Fasiləyə qədər qarşılaşmanın taleyi böyük ölçüdə həll olunmuşdu. Sonrakı hissələrdə fərqi azaltmağa çalışsaq da, buna nail ola bilmədik.
Gənc oyunçumuz Aydın İbrahimova daha çox şans vermək istəyirdik. Ancaq o, meydana daxil olduqdan cəmi 10 saniyə sonra zədələndi. Mörfinin cəzalanması da vəziyyətimizi daha da çətinləşdirdi.
Rəqibin güclü olduğunu bilirdik. Azarkeşlərimizə daha yaxşı oyun nümayiş etdirmək istəyirdik. Qarşıda bizi yenə səfər matçları gözləyir. Həm ölkə çempionatında, həm də Avropada mübarizə aparacağıq. Daha sonra iki həftəlik fasilə olacaq. Zədələnən basketbolçularımızın da sıraya dönməsi ilə daha yaxşı oyun nümayiş etdirə biləcəyimizə inanıram”








_1693746512.jpg)




