“Milli komandamız səfər oyunu olsa belə, qələbə qazanmağa borcludur”. Bunu matc.az saytına “Qəbələ” və “Araz-Naxçıvan”ın  sabiq baş məşqçisi Elmar Baxşıyev deyib. 
 
Bu gün yığmamızın Lixtenşteynlə keçiriləcək görüşü barədə fikirlərini bölüşən mütəxəssis bildirib ki, millimizin əsas hədəfi meydanı qələbə ilə tərk etmək olmalıdır. Onun sözlərinə görə, Bakıdakı qarşılaşmada yaşanan uğursuzluq bu dəfə komandanın daha məsuliyyətli və istəkli çıxış etməsini zəruri edir:
 
“Bakıda keçirilən oyunda faciə yaşadığımız üçün bu dəfə qalib gəlmək xüsusilə vacibdir. Bugünkü qarşılaşmada komandanın qarşısında yalnız bir məqsəd olmalıdır: qələbə qazanmaq. Turniri ilk pillədə başa vurmaq da önəmlidir. Bunun üçün bu cür oyunlarda maksimum nəticəyə köklənmək lazımdır”.
 
Baxşıyevin fikrincə, komandamız Bakıda keçirilən görüşdə çoxsaylı qol epizodları yaratmasına baxmayaraq, həmin fürsətləri dəyərləndirməkdə çətinlik çəkdi: “Futbolda belə imkanlar hər zaman yaranmır. Ona görə də bu gün hücumların son nöqtəsini daha dəqiq qoymaq, yaradılan qol vəziyyətlərindən maksimum yararlanmaq vacibdir. Əgər Bakıdakı oyunda istifadə edə bilmədiyimiz epizodları bu dəfə daha düzgün qiymətləndirə bilsək, qarşılaşmanı qələbə ilə başa vurmaq mümkündür”.
 
O bildirib ki, bu tip komandalarla oyunlarda səfər və ya ev amili müzakirə mövzusu olmamalıdır: “Rəqibin kimliyindən asılı olmayaraq, millimiz meydanda öz oyununu göstərməli, daha istəkli və keyfiyyətli futbol sərgiləməlidir. Belə qarşılaşmalarda rəqibə ümid verməmək, oyuna əvvəldən nəzarət etmək və üstünlüyü nəticəyə çevirmək lazımdır. Millimiz Lixtenşteynə qarşı həm oyun keyfiyyəti, həm də mübarizə əzmi baxımından üstünlüyünü göstərərək qələbə qazanmalıdır”.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest