Premyer Liqaya çempionluq şüarı ilə başlayan "Neftçi" iki turdan sonra cəmi 1 xal toplaya bilib. Görünən odu ki, birinci turda "Sabah"la bərabərlikdən sonra azarkeş təzyiqi, psixoloji gərginlik, komanda daxilində pozulan ab-hava vəziyyətin daha da pisləşməsinə gətirib çıxarıb.
Həm rəhbərlik, həm də baş məşqçi bu problemləri yoluna qoymayınca, istər taktiki, istərsə də oyunçu dəyişikliyinin nəticəyə heç bir təsiri olmayacaq. "Zirə" ilə dünənki matçda bunun bir daha şahidi olduq.
Eyni sistem, fərqli "11-lik"
Düzdü, Roberto Bordin taktiki düzülüşdə bir dəyişiklik etməmişdi. Ancaq "Sabah"la qarşılaşmadakı "11-lik"dən 2 futbolçunu ixtisara salmışdı. Rauf Əliyev və Dario Frederikonu bu dəfə ehtiyatda saxlayan italiyalı mütəxəssis Namiq Ələsgərovla həftəboyu söyüşlərlə, narazılıqlarla diqqət çəkən Baqali Dabonu meydana buraxmışdı. Görünür, baş məşqçini istefaya səsləyən azarkeşləri Dabonun söyməsi Bordinin xoşuna gəlmişdi. ötən matçda yarımmüdafiədə yer alan Vangelis Platellas bu dəfə sağ insayd, hücumçu Stiven Jozef-Monroz isə pleymeyker mövqeyində oynamalı idi. Bir sözlə, ön xətdəki düzülüş tamamilə dəyişdirilmişdi.
"Zirə"də isə "Səbail"ə məğlubiyyət heyətdə ciddi dəyişikliklərə yol açmışdı. Boyan Zoqoviç, İlkin Muradov, Mfo Kqasvane və Anastasios Papaqoğlu yenilginin səbəbkarı kimi, ehtiyata məhkum edilmişdilər. Bunun fonunda yeni transferlərdən Miloş Bakraç və Alvaro Ampuero debüt edirdi, Soni Norde isə ilk dəfə start heyətində yer alırdı. Samir Abasov 5-3-2 taktiki sxeminə yenə sadiq qalmışdı.
"Neftçi" sahildə çabalayan balıq kimi...
"Neftçi", onsuz da, beşli müdafiə qarşısında əziyyət çəkən, hətta çox vaxt aciz qalan komandadı. Bu durumu "aşmağın" yeganə yolu hesabı açan tərəf olmaq və rəqibi irəli çıxmağa məcbur etməkdi. Buna görə də, Bordinin yetirmələri yenə erkən qol üçün ilk dəqiqələrdən irəli atıldı. Hətta buna yaxın da oldu. Skarlatake ilə Bakraç arasındakı anlaşılmazlıq Dabonun nəzarətsiz qalmasına və zərbə mövqeyinə çıxmasına səbəb oldu. Lakin fransalı təkbətək epizodda dirəyə "ilişdi".
Start həyəcanını bəxtin köməkliyi ilə də qol buraxmadan "boğan" ev sahibləri getdikcə oyunda bərabərliyi təmin etdilər. İlk 25 dəqiqə ərzində hücum qurmaqda çətinlik çəkən zirəlilər Nordenin fərdi bacarığı və Krivotsyukun səriştəsizliyi sayəsində birinci hücumundaca hesabı açdı. Onsuz da, dağınıq futbol sərgiləyən "Neftçi" buraxılan qoldan sonra sahilə çıxmış balıq kimi çabalamağa başladı. Kor-koranə hücumların bir nəticə verməsi təbii ki, gözlənilən deyildi. Halbuki, "Zirə" orta sahədə kifayət qədər boşluqlar buraxırdı. Əksər epizodlarda qonaqların hücumçuları rəqibin müdafiəçiləri ilə üzbəüz qalsa da, ən yaxşı halda Orxan Sadıqlıya kiçik həyəcan yaşatmaqla kifayətlənirdilər.
Komandaların problemi nədi?
"Zirə" meydana 5-3-2 ilə çıxsa da, oyunun gedişində bu sxem dəfələrlə dəyişir, epizoda uyğun olaraq qısamüddətli də olsa, gah 3-5-2, gah 4-3-3, gah da 4-4-2-yə çevrilirdi. "Neftçi" əsasən sol cinahdan təzyiq göstərməyə çalışırdı. Bu da həmin cinahdakı müdafiəçi Rafael Məhərrəmlinin tez-tez irəli çıxması və mövqeyində boşluq buraxması ilə əlaqədar idi.
ümumiyyətlə, hər iki komandanın ifasında pərakəndə futbol izlədik. Kobud səslənsə də, futbolçular məhəllə futboluna yaxın keyfiyyət ortaya qoyurdular. "Neftçi"dəki problem meydandankənar amillərdisə, "Zirə"də Samir Abasov əsasən müdafiədən hücuma sürətli keçid üzərində çalışmalıdı. çünki orta sahədəki "trio"nun topa sahib olarkən ləng davranışı sürətli əks-hücumların başlamadan bitməsinə səbəb olurdu.
Bordinin işə yaramayan "kozır"ları
İkinci hissədə də fərqli mənzərənin şahidi olmadıq. üstəlik, külək də keyfiyyətsiz oyunu daha bərbad hala salmışdı. Nə "Zirə"nin, nə də "Neftçi"nin müdafiədə etibarlı çıxış etdiyini söyləmək olar. Sadəcə, rəqib hücumçularının necə gəldi irəli atılmaları onların işini asanlaşdırırdı. Komandasının irəlidəki "dişsiz"liyini görən Bordin 17 dəqiqə ərzində Dario, Rauf və Rəhmanı "döyüşə atdı". Bu əvəzləmələr taktiki düzülüşə və meydandakı yerdəyişmələrə də ciddi təsir etdi. "Ağ-qaralar" artıq üçlü müdafiə sisteminə keçmişdi və Rəhman Hacıyevlə Dario Frederiko cinahlardan bek/vinger funksiyasını icra etməli idi. Hücumun mərkəzində Dabo ilə Rauf, onların arxasında isə Monroz qol vurmaq üçün çalışmalı idi. "Neftçi" topa sahib olduğu zaman 4, bəzən də 5 hücumçuya çevrilirdi. Bir sözlə, Bordin bütün "kozır"larını meydana buraxmışdı. Samir Abasov isə dəyişikliklər zamanı da taktiki sxemə sadiq qaldı, yalnız 2 mövqe əvəzləməsi ilə kifayətləndi.
"Neftçi" bu cür oyunla 90 yox, 190 dəqiqə də oynasaydı, çətin ki, qol vurardı. Hətta son dəqiqələrdə küləyin "Zirə"nin qapısına tərəf əsməsi də qonaqlara kömək olmadı. Prinsipcə, ev sahiblərinin də qələbəyə layiq oyun göstərdiyini söyləmək olmaz. Azarkeşlər 90 dəqiqə ərzində hər iki qapı qarşısında cəmi 1 real qol vəziyyəti izlədilər. Əvəzində keyfiyyətsiz, top itkiləri ilə bol və səliqəsiz mübarizə diqqət çəkdi. Bəlkə də, bu matçın ədalətli nəticəsi 0:0 olardı...
Ruslan SADIQOV